Ayaz Arabaçı : - Hər dəfə kəndə gələndə...

Ədəbiyyat 08:23 / 12.03.2025 Baxış sayı: 867

Hər dəfə kəndə gələndə...

Gecənin divarından

asılmış saatdı Ay,

Biz iki əqrəb kimi sarılıb 12-də,

vaxtı dayandırmışıq.

Gecəni əfsunlayan çiçəklərin tacında,

İşıldaböcəkləri şam kimi yandırmışıq.

Heç nəyi alma vecə,

daha iş-işdən keçib,

Kim görəcəksə-görsün,olsun,çuğulluğunda.

Əyni-başı tökülmüş çəpərinizdən keçib,

Durmuşam sənə aid sözlərin qulluğunda.

Tumurcuq pıçıltılar

qulağımda südəmər körpə kimi nazlanır.

Nəbatat könlümdəki bütün bağ çiçəkləri

bir-bir ehtizazlanır.

Tanrıya çox yaxınam bu andan etibarən,

Hətta günah eləsəm acığı tutmaz belə.

Səbrimi imtahana çəkməyi düşünmə heç,

Çaşıb bu sərxoşluğa yuxu desəm,az,belə..

Ananın yuxusunu divara dırmaşdırır,

Atanın amiranə xorultusu bu dəmlər.

Uzanmaq istəyirəm qəlbimin üstə gəzsin,

Səni mənə gətirən təhlükəli qədəmlər..

Yanaqları allanıb tül bədənli güllərin,

Gecəquşu budaqda maraq dairəsində.

Sən elə qayıtmağa can atırsan tələsik,

Yalvarış da,əmr də,qəzəb də var səsində.

Babanın uçuq-sökük sinəsində zarıyır,

Tütün qoxusu verən narıncı öskürəklər.

Hara çapır görəsən sinəmizdə tappatap,

Çarli qasırğasından atmı minib ürəklər.

Payızda bar verəndə baha qiymətə satın,

Bağınızda məhəbbət şeirləri dəyəcək.

Üstə uzandığımız əzilmiş göy otları,

Səhər obaşdan durub külək ütüləyəcək...

Gecənin divarından asılmış saatdı Ay..

Biz iki əqrəb kimi,

Sarılıb 12-də vaxtı dayandırmışıq..