Ayaz Arabaçı : - Görürəm.

Ədəbiyyat 14:14 / 29.06.2025 Baxış sayı: 860

Ha gedər, yetişməz mənzil başına,

Adam bu yollarda azar, görürəm.

Neçə külüng vuran haqq adamını,

Mən artıq canından bezar görürəm.

 

Efirdə çox şeyin reklamı baldı,

Bu artıq bizimçün bir adi haldı,

Səadət bu yerdə boş bir xəyaldı,

Kimə baxıramsa məzar görürəm.

 

İşimiz hər kora, hər lala çıxır,

Ürək qanımızdan tər lala çıxır,

Yolumuz hər yandan dəllala çıxır,

Hər yerdə bir açıq bazar görürəm.

 

Ömür, ömür deyil, məzəxanadı,

Həyat dirigözlü cəzaxanadı,

Hər addım başında əczaxanadı,

Həkimdən daha çox azar görürəm.

 

Kimdi göy əskiyə bu günü düyən,

Baxıb qəzəb atım gəmirir yüyən,

Ölkədə nə qədər pula şöngüyən,

Yala mırıldayan yazar görürəm.