Ayaz Arabaçı : - Gəzirsən...

Ədəbiyyat 08:30 / 11.02.2025 Baxış sayı: 2270

Başın ala buludlarla oynayır,

Havalanıb şar donunda gəzirsən.

Həftədə bir gül donunda görsənib,

Saatda bir xar donunda gəzirsən.

 

Oturmusan köhlənində dövranın,

Mübarəkdi sinəm üstə cövlanın,

Şükür olsun yazısına Mövlanın,

Sən ki belə yar donunda gəzirsən..

 

Bir ay doğsun, bir gün çıxsın bu baxta,

Nə tapmısan əl çatmayan budaqda,

Səndən başqa meyvə yoxdu bu bağda,

Alma, heyva, nar donunda gəzirsən..

 

Fevralın da küləyində bahardı,

Nə qalıb ki, kürəyində bahardı..

Gülüm axı,ürəyində bahardı,

Niyə belə qar donunda gəzirsən..

 

Eyni tonda, eyni rəngdə alınmır,

Çarpışırıq cəmdə-təkdə alınmır,

Biz ikimiz bir köynəkdə alınmır,

Sən onsuz da dar donunda gəzirsən..