Ayaz Arabaçı - Ayaz Arabaçı

Mən şükür eləyirəm ki, qurbanolduğum məmləkətdə mövzu qıtlığı yaşamıram. O vaxt inşa yazanda adətən sərbəst mövzu götürürdüm. Ona görə ki bu müstəvidə kifayət qədər sağa-sola gəzişmək imkanım olurdu.
Məsələn müəllim inşa verirdi-Azərbaycan möcüzələr diyarıdır.
O vaxt belə yazırdım-
Azərbaycan möcüzələr diyarıdır. Təbiəti, insanı havası, suyu, daşı, torpağı-bir sözlə göydə uçanı, yerdə qaçanı ,dişə dəyəni, gözə görünəni nə varsa hamısı möcüzədir.
İndi rakursum dəyişib.
Elə möcüzələrlə rastlaşmışam ki!
İnternetdə bir nəfər görünməz varlıqlarla danışdığını deyir, digəri kosmosla bağlantı qurur, mesajlar alır, bir başqası axşam yeməyinin içində Allahın xüsusi işarələrini tapır,biri mənfi enerji təmizləyir,biri kiminsə içinə girmiş cini çıxardır..
Biz möcüzəni səhv yerdə axtarırıq,onu göydən düşəcək bonus kimi görürük. Amma möcüzə, bəlkə də, heç vaxt bir anda baş vermir. O, hər gün yavaş-yavaş, səssizcə, heç gözləmədiyin bir anda gəlir.
Əslində, xalqımız həmişə mistikaya meylli olub. Xeyir-dualar, inanclar, şükürlər bu qəbildəndir,amma bunlar təmiz və saf hisslərin bağrından qopurdu. Möcüzə adıyla tüğyan eləyən fırtınaya isə kollektiv psixozdan başqa bir ad vermək olmur.
Mənzərə heyranedicidir:
Saxta imamlar, girdirmə mollalar, özünü peyğəmbər elan edən şarlatanlar, ikinci əl həkimlər,üçüncü əl psixoloqlar.. Biz içimizdəki möcüzə həvəsinə yenilmişik. İnanmaq istəmirik ki saxta peyğəmbərlər, saxta şəfaçılar ömrümüzdən yeyir,pulumuzdan yeyir,ruhumuzdan yeyir.,
Azərbaycan möcüzələr diyarıdır, bəli. Amma o möcüzələr batil inanclardan deyil, elmdən, əməldəki dürüstlükdən, gerçək zəhmətdən doğmalıdır.
Yoxsa şarlatanlar bütün sferalarda möcüzə adı ilə başımızı dumanlandıracaq..
Möcüzələr sabaha qoyduğumuz zəhmətin, bu gün özümüzə etdiyimiz yaxşılığın, başqalarına verdiyimiz ümidin içindədir.
P.S.
Pulumu karta atarsınız davamını yazaram...