Arzu Əsəd : - Onları kütlənin söyüş, qarğış caynağına vermək olmaz.

YAZARLAR 14:47 / 22.01.2023 Baxış sayı: 1724

Bu mövzu qapanmalı idi. Bəhram Bağırzadə yeni müsahibəsində özünün də rayonlu olduğunu və tənqid və təhqirinin Azərbaycanın rayonlarından gələnlərə deyil, Moskvadan və Bakı kəndlərindən gələnlərə ünvanladığını dedi.

Məsələ ümumxalq əhəmiyyətini itirib belə lokallaşdığına, ölkə miqyaslı konflikt səviyyəsindən məhlə razborkası səviyyəsinə endirildiyinə görə biz rayon balaları da meydanı buraxmalıyıq Moskva uşaqları ilə Bakı kəndləri cayillarının öhdəsinə. Qoy bu məsələni öz aralarında həll etsinlər. Bizim qarşımızda həll olunması zəruri olan daha mühüm problemlər durur. Bəhram Bağırzadənin Qamid Qamidovla üzrü qəbahətindən böyük olan son müsahibəsinə baxdıqdan sonra nədənsə mənim təsəvvürümdə Böyük Buzlaşma dövründə yaşamaq uğrunda çırpınan sonuncu dinozavr və ağ adamların Amerikanı istila etdiyi zamanlarda öz adət-ənənələrini, vərdişlərini canı bahasına qoruyub saxlamağa çalışan sonuncu mogikan obrazları yarandı.

Qulaqlarımda Xulio İqlesiasın ürəklərə işləyən "Nostaljiiii..." sədası səsləndi. Məhz Bəhramın orta məktəb yoldaşı "Hacı Şahinin iki-üç dəfə dediyi kimi" Bakının "mərkəz məktəbi"ndə orta təhsil almaq, Kubinka uşağı olmaq, Çingiz Abdullayevdən 2-3 sinif aşağıda oxumaq... Ağır yükdür, vallah, çətin məsələdir. Dünənki əyalətdən gələnlərin bu günkü mərkəz mövqelərdəki gövdə göstəriləri dünənki mərkəzçilərin də həyatın kənarına itələnmələri hər baba igid dünənki mərkəzçinin daşıya biləcəyi yük deyil. Bəhram Bağırzadə müsahibədə bu xiffətini obrazlı şəkildə belə ifadə edir - Səhər tezdən gedib 50 illik yubileyi olan Heydər Əliyev sarayının illərlə içində oynadığı səhnəsini, divarlarını öpüb kənarlaşıb.

Əslində, demək, hər şey göründüyü kimi deyil, bəlkə də tam əksinədir. Kənddən, rayondan gələn insanlarımız yox, "mərkəz"in nümayəndəsi olan Bəhram bu yeni sivilizasiyaya, yeni mədəniyyətə adaptasiya oluna bilmir. Bəhramın bu müsahibəsindən sonra köhnə "mərkəz məktəbi"nin məzunları olan dünya şöhrətli Çingiz Abdullayevin jurnalistin adi bir sualına verdiyi aqressiv, qalmaqal yaradan cavabları da, bir zamanlar hamının yeni dini reformasiyalar gözlədiyi Hacı Şahinin getdikcə qaranlıq əbaya bürünüb məzhəbçilik xüsusiyyətlərini gücləndirməsinin səbəbləri də aydın olmağa başlayır.

Bu həqiqətən istedadlı insanlarımız travma daşıyırlar, uşaqlıqları, orta və ali təhsilləri mərkəzdə keçən, məhz bütün həyatları boyu bu "mərkəzli" olmaq kompleksindən qurtara bilməyən ruhlar zamanın amansız qanunları ilə mərkəzdən itələndikcə yeni cəmiyyətlə aralarında yaranmış adaptasiya prosesini ağrılı keçirirlər, bunun nəticəsi kimi yaranan öz daxili psixoloji konfliktlərini rasional şəkildə həll etmək əvəzinə irrasional yollara əl atırlar ki, bu da nəticədə yeni cəmiyyət, yeni mədəniyyət, yeni sivilizasiya ilə onların arasında barışmaz ziddiyyətlər yaradır. Bu irrasionallıq o həddə çatır ki, artıq Bəhram Bağırzadə koronavirus pandemiyasında xəstələnib komaya düşdükdən sonra özünün Allahdan vergi aldığını elan edir. (İnsafən bu baxımdan "mərkəz məktəb"in digər məzunu Hacı Şahinin işi çox asandır, çünki o elə neçə ildir ki, Allah adından danışır). Bəhram Bağırzadə yeni cəmiyyətlə daxili mübarizədə yaranan psixoloji natamamamlıq komplekslərini bu cəmiyyətə nifrətini ifadə etməklə, onun üzvlərinə söyməklə tamamlamaq istəyir. Bu isə düz yol olmadığına görə cəmiyyətlə onun arasındakı uçurumu getdikcə dərinləşdirir. Məsələn, keçən dəfə o, azərbaycanlıları urbanizasiya proseslərinə qoşula bilməməkdə günahlandırırdısa, bu dəfə açıq mətnlə öz həmvətənlərinə vandal, cahil deyir. Əlli yaşında bir intellekt sahibi, Moskvalar görmüş adam çoxdan bilməli idi ki, istisnalar qanunları müəyyənləşdirmir. Hacı Zeynalabdin heykəlinin təsbehini qıran, Üzeyir Hacıbəyov heykəlinə ayaqqabı atan bir-iki qor-qoduğa görə böyük Azərbaycan gəncliyini günahlandırmaq, Göbbels sayağı, rəhmətlik Jirinovski sayağı içdən dərindən bu gəncliyin əksər hissəsinə "vandallar", "cahillər" demək özü bir vandallıq, cahillik nümunəsidir...Bütün hallarda Bəhram Bağırzadə kimi ziyalılarımızı itirmək olmaz. Onları kütlənin söyüş, qarğış caynağına vermək olmaz.

Cavabsız, ictimai qınaqsız buraxmaq və mərkəzdən belə sərt şəkildə itələmək də olmaz. Yoxsa onlar köhnə mərkəzli olmaq nevrozlarının şiddəti ilə özləri-özlərini inandıraraq öz "mərkəz" nostaljilərini başqa ölkələrin, məsələn, Rusiyanın, İranın mərkəzlərində axtararlar. Yeni mədəniyyətin nümayəndələri ilə köhnə "mərkəz" nümayəndələrinin arasında qialoq olmalıdır. Onların Azərbaycan dilində ifadə edə bilmədikləri sözləri tərcümə eləmək, müsbət olanları götürmək, onları da yeni mədəniyyətin tələb və qanunlarına uyğunlaşdırmaq lazımdır. Məhz bu reabilitasiya prosesindən sonra Bəhram Bağırzadə kimi istedadlı vətəndaşlarımızı yenidən cəmiyyətə qaytarmaq ümidi var.