Aktau Baş Konsulluğu Xəlil Dosmuhammedov adına Universitetdə TƏDBİR keçirtdi
Aktau Baş Konsulluğunun təşkilatçılığı ilə Qazaxıstanın Atırau şəhərində fəaliyyət göstərən Xəlil Dosmuhammedov adına Universitetdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş tədbir keçirilib.
Yenises.az bildirir ki, tədbirdən əvvəl baş konsul Ayxan Süleymanlı universitetdə yaradılan Azərbaycan tədris otağı ilə tanış olub və otağa kitablar hədiyyə edib. Daha sonra o, universitetin rektoru Salamat İdrisovla görüşüb. Görüş zamanı tərəflər ikitərəfli maraq doğuran məsələləri müzakirə edib, əməkdaşlığın daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Ardınca anım tədbiri və təhsildə fərqlənmiş tələbələrin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən A. Süleymanlı Ümummilli Liderin zəngin həyat yolu, dövlətçilik fəaliyyəti və gənclərin inkişafına verdiyi dəyər barədə məlumat verib, iki ölkə arasında dostluq münasibətlərinin və akademik tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
Universitetin rektoru S. İdrisov çıxışında Heydər Əliyevin doğum günü münasibətilə təsis edilən təqaüdün qardaş Azərbaycan və Qazaxıstan xalqları arasında dostluğun simvollarından birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, Baş Konsulluğun bu təşəbbüsü iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın bariz nümunəsidir.
“Novruz” İctimai Birliyinin sədri Eldar Əhmədov isə təqaüdün təhsil və elm sahəsində nailiyyətlərin dəstəklənməsində mühüm rol oynadığını qeyd edib və tələbələrə uğurlar arzulayıb.
Tədbir çərçivəsində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunan, Baş Konsulluq tərəfindən hazırlanmış slayd-şou və onun təhsilə verdiyi önəmdən bəhs edən “Millətin gələcəyi təhsildədir” adlı sənədli film nümayiş etdirilib.
Mərasimin sonunda baş konsul A. Süleymanlı universitetin ictimai həyatında fəal iştirakına, təşəbbüskarlığına və akademik nailiyyətlərinə görə seçilən altı tələbəyə Heydər Əliyev adına təqaüd və təşəkkürnamə təqdim edib.
Tədbirdə həmçinin rektor S. İdrisov ikitərəfli əməkdaşlığın inkişafına verdikləri töhfəyə görə baş konsul A. Süleymanlıya və konsul M. Cəfərovaya Atırau Universitetinin 85 illiyinə həsr olunmuş yubiley medallarını təqdim edildi.




