Aida Adıgözəl : - Xarabalıq

Maraqli 00:11 / 30.09.2022 Baxış sayı: 1982

 

Çox da ağır deyil, dözmək olurmuş,

gözlərin zillənir uzaq nöqtəyə,

bir azca əllərin havada qalır,

biraz üşüyürsən, içındən keçən,

çovğuna bənzəyən sərt hənirtiyə.

Baxırsan dalınca könlündən uçan,

harasa üz tutan qaranquşlara.

Sonra qəm tökürsən gecələr yesin,

viranə qəlbinin uçuqlarında,

kədərdə yurd salmış kor bayquşlara.

Biraz ağlayırsan, biraz da peşman,

nə fərqi, dəyişən nə olasıymış?!

Fitnələr sökmüşdü saray daşların,

göz - gözü görmürdü duman əlindən,

tək sənin gözünə toz dolasıymış...

Belə! Bu da bitdi...Salam, azadlıq!

Xoş gəldin ömrümə bulud topası,

hər gözün dolanda məni xatırla,

döyəclə qapımı, pəncərələri,

gəl qucaqla məni, payız havası...