Aida Adıgözəl :- Bir ayrılıq öpdü məni

Qəfil gələn əcəl kimi
ayrılıq sarılaraq öpdü məni.
Heç bilmədim hansı zaman sevdi bizi.
Hələ yollar,
hələ yollar,
bir tərəfə çaydaşı tək tolazlayıb,
çay aşağı axıtmışdı ikimizi.
Özümüzə açammazkən sirrimizi,
heç bilmədim,
heç bilmədim ki,
Tanrıya kim satmışdı
Tanrıdan da gizli qalan yerimizi.
Nə xoşbəxtdik,
nə xoşbəxtdik bir zamanlar.
Bir mən idim,
bir sən idin,
biz bir idik.
Əl-ələ,
göz-gözə,
diz-dizə
sevişirkən həyəcandan təngənəfəs,
deyilməyən,
yazılmayan şeir idik.
Ta ki,
bir gün qəfil gələn xəyanətkar
bir ayrılıq öpdü məni,
öpdü məni,
öpdü məni...