Adilə Nəzər - HƏLƏLİK

Ədəbiyyat 11:54 / 09.02.2026 Baxış sayı: 450

 

Əlvida deməyə dilim gəlməyir,

A yollar, döngələr, izlər, hələlik!

Bir ovuc arzu var- qalıb əlimdə,

Bütün varlığımda sızlar hələlik.

 

Səhərdən asılan çənli yamaclar,

Axşamı bağrına basan ağaclar.

Elə gəncliyindən ağaran saçlar,

Yol çəkən baxışlar, gözlər, hələlik.

 

Kölgələr uzanır daş ayağına,

Çöllər sığınıbdır dağ qucağına,

Necə çəkir məni uşaq çağına -

O köhnə havalar, sazlar, hələlik.

 

Alim də, şair də düşdü adıma,

Qalxdım pillələri tək-tək - addıma.

..Yenə bir quş səsi düşdü yadıma,

Şeirlər, misralar, sözlər, hələlik.

 

Dildəki bu salam-duam sizədir,

Ah-amanım sizə, nidam sizədir,

Edib- etmədiyim vidam sizədir,

Ey ana olmayan qızlar, hələlik.

 05.02.2026