Ələddin Əzimli - SÜSTLÜK
Bir qayıq,
bir dəniz,
bir də sənlə mən.
Bilmirəm, səfərə çıxırıq,
yoxsa,
qayıdırıq artıq səfərdən.
Elə bil,
yarıyuxuluyam,
bir az da yorğun.
Dəniz də sakitdir,
süstür nə isə.
Bizsə oturmuşuq
dinməz-söyləməz,
sükut içində.
Yüngül meh də əsmir
yelkən açıla,
qayıq tərpənə.
Hətta, səmada
bir qağayı belə dəyməyir gözə.
Nə olub,
görəsən, coşqun dənızə,
qabarmaq istəyən yelkənə,
sevgi, istək dolu ürəyimizə?
Günəş
sanki yorğun-arğın
sərilib suyun üzünə.
Bizsə çiyin-çiyinə
qısılmışıq
bu susqun yelkənin
yarımçıq kölgəsinə...
16. 10. 2021.