Səhər Əhməd - Bu gün yeni şeir yazdım

Ədəbiyyat 21:10 / 19.10.2026 Baxış sayı: 355

Bu gün yeni şeir yazdım,

Bir də təzə dərs keçdim.

Ədəbiyyatdan lirik növ,

Dildən sonor səs keçdim

 

Əzizlədim şagirdləri,

Başların sığalladım.

Ən çox ən dəlisovların,

Ən çox ən cığalların.

 

Nə yolumu tıxac kəsdi,

Nə bir “QAİ” saxladı.

Bu gün açıb qollarımı

Həyatı qucaqladım.

Oğlumla futbol oynadım,

Qızımla mahnı qoşdum.

İtimlə şəkil çəkdirdim,

Pişiyimlə barışdım.

Suladım çiçəklərimi,

Bağdan nar dərib yedim.

Sonra ağacı oxşayıb,

Sağ ol, dadlıdır, - dedim.

Bu gün hər gündən biriydi,

Bu mən hər kəsdən biri.

Yazdığım şeirdən biri,

Keçdiyim dərsdən biri.