Əlizadə Nuri - Bu dünyada hər kəsin öz rəngi var
O aydı, ya yar gözümə sataşdı?
Tanrı bu gün kor gözümə sataşdı...
Hara baxdım, tor gözümə sataşdı
Hara baxdım bu hörümçək dünyada.
Çiçək kimi sığalladım xəzəli...
Öz evimdi, öz yaxamdı, öz əlim.
Sevə bilsən, tikanın da gözəli
Bir gül kimi görünəcək dünyada.
Yapışmağa saman qalıb görəsən?
Deyilməyən yalan qalıb görəsən?
Ölüm niyə cavan qalıb görəsən
Bu qocaman, bu ağbirçək dünyada?
Baharı sev- gül üzünü itirmə,
Günə sığın, gündüzünü itirmə.
Canım durna, göy üzünü itirmə
Üşüyərsən lələk-lələk dünyada.
Əcəl varsa, əcəlin də zəngi var,
Bu sevdiyim çayın da ahəngi var...
Ay Əlizadə, hər kəsin öz rəngi var
Nə gəzirsən alabəzək dünyada?..