Ayaz Arabaçı : - DÜŞÜR

Ədəbiyyat 09:00 / 17.01.2025 Baxış sayı: 511

 

Sən qəmdən-qəməsən,o dəmdən-dəmə,

Ziyan eləyirsən nəf başa düşür.

Nə qədər arınıb-durulanırsan,

Düzgün işlərini kəf başa düşür..

Bu dünya adamı səhv başa düşür..

 

Döndərir nə varsa qana,doyursan,

Ömründən-günündən cana doyursan,

Bir işi həyata keçirənəcən,

Qızıl ilan kimi qabıq qoyursan,

Nə bir söz nə də bir hərf başa düşür,

Bu dünya adamı səhv başa düşür..

 

Min cürə dərd verir,fikir yükləyir,

Tutub qıçlarından hey sürükləyir,

Taxır səlvər qalmış kor eynəyini,

Köhnə zərrəbinlə saf-çürükləyir,

Edirsə özünə sərf başa düşür,

Bu dünya adamı səhv başa düşür..

 

Baxmır ki,sahibsən ən gözəl ada,

Verir uf demədən bir anda bada,

Başına haranın daşını salıb,

Nə cür yaşayasan bu xarabada..

Qarmon istəyirsən dəf başa düşür,

Bu dünya adamı səhv başa düşür..

 

Baxırsan hər işi məzədi-məzə..

Bəlkə bir dağılsın,qurulsun təzə...

Bir də görürsən ki, tutub heç nədən,

Basırlar qəfildən "gedər-gəlməz"ə

On il iş verirlər,əfv başa düşür,

Bu dünya adamı səhv başa düşür..