Əlizadə Nuri : - Yaxşı ki,qanadı tək deyil quşun...

Ədəbiyyat 08:45 / 17.01.2025 Baxış sayı: 498

 

Keçdi ürəyimdən bir boyu bəstə,

Boylandım, boyunu görə bilmədim.

Bir sevgi böyütdüm içimdə, ancaq

Heyif ki, toyunu görə bilmədim.

 

Bəlkə son güllədi sonuncu yarpaq?-

Payız da beləcə tərksilah olur.

Hərdən də canıyla döyüşür adam

Ürəyi üstündə tək silah olur...

 

Yağış gətirmişəm o göy üzündən,

Kövrək buludları ağlatmışam mən.

Mən də yalançıyam- özüm özümü

Yüz dəfə ümidlə aldatmışam mən.

 

...Yaxşı ki, qanadı bir cütdü quşun-

Yaxşı o tüfəngin tək lüləsi var.

Kibrit çöplərindən ev tikənlərin

Evinin alışmaq təhlükəsi var...