Ülkər Nicatlı - Suların çırpınır ürəyim kimi,
Suların çırpınır ürəyim kimi,
Səni də həsrətmi göynədir, dəniz?
Mənim bu intizar qoxulu könlüm,
Ta bilməz yer nədir, göy nədir, dəniz.
Qağayı fəryadı yağır üstümə,
Uduram bir eşqin göz yaşlarını.
Məni bu sahildə oda salanın
Unuda bilmirəm baxışlarını.
Sənin aşıb-daşan dalğalarını
Gözlərim oxşayır onun saçi tək.
Ayrılıq yelləri öpür üzümdən,
Kövrəlib sinəmdə üşüyür ürək.
Məni onun kimi sevənim hanı?
Onu da mənim tək sevən tapılmaz.
Mavi dalğaların qoy pıçıldasın,
Qəmli duyğuları ovutsun bir az.
Sənin sahilinə gəlmişəm, dəniz,
Ətrini duyuram ötən illərin.
Ayrılıq qoxulu misralarımla,
Silirəm gözünü xatirələrin.
16.01.2025.