Arzu Əsəd : - Atam ölmək istəmir
Gözləri tələyə düşmüş kimi
çırpınır hədəqəsində,
bu dəfə, deyəsən, çıxış yox.
İlahi, heç hazır deyiləm bu dərdə,
bu qış yox, bu qış yox...
Həkimlərlə arası yoxdu
bir az xasiyyətindən,
bir az da sanki qorxduğu üçün
iynə-dərmanın agrı-acısından,
amma indi körpə uşaq kimi yapışıb
dünən söyüb acıladığı
şəfqət bacısından.
Nə vaxtsa üzünə ağ olduğumda
Taras Bulba kimi "səni mən yaratmışam, mən də məhv edərəm"
deyən yaradanım,
hamıdan güclü bildiyim qəhrəmanım
indi elə yazıq, elə çarəsiz baxır ki.
Deyirəm "ata, daniş, qurban olum,
səsini eşidim",
baxır, dili demir, gözləri deyir: "qoy gedim",
"dünya belədir, oğul, gələn getməlidir, ölum haqdir..." -
dili deyir, gözləri demir,
atam ölmək istəmir.
Ölmək istəmir adam,
yapışıb bərk-bərk, cırmaq-cirmaq həyatdan.
Bilir ki, çəkilsə, sırada mən varam.
Məni ölümlə üz-üzə, təkbətək qoymamaq üçün
ölmək istəmir atam,
ölmək istəmir
ölümlə aramdakı adam.