Xatirə Fərəcli : - OVUNDUM

Ədəbiyyat 14:27 / 21.04.2025 Baxış sayı: 1102

 

Gördüm bir kimsədən mənə haray yox,

Özüm öz dadıma çatdım, ovundum.

Dərdimi-sərimi qoyub bir yana,

Başımı başlara qatdım, ovundum.

 

Gah gizli, gah aşkar çəkdim acını,

Ram etdim ruhumun ehtiyacını,

Axıb yanağıma düşən damcını

Silib titrək əllə atdım, ovundum.

 

Əyilməz başlara bəlaymış inad,

Məni də qəlibə saldı bu həyat.

Laylaya, öyüdə yatmazdım bir vaxt,

Qədər sığalına yatdım, ovundum.

 

Gör nə arzuladım, nəyə qovuşdum,

Yovuşmaz günlərə naçar yovuşdum.

Bir dəli şimşəkdim, keçdim, sovuşdum,

Eləcə, içimdə batdım, ovundum.