Fərhad Tapdıqoğlu : - Bir az...

YAZARLAR 08:16 / 11.05.2025 Baxış sayı: 1239

 

....Məktəbə getdi bir az...oxudu bir az...ali məktəbə də getdi- gəldi bir az...Diplom alandan sonra birbaşa bir az kiçik məmur vəzifəsinə təyin olundu...Bir az,bir neçə il keçdi və lap yüksək vəzifəli məmur oldu.Bir az işin yolun- yolağasın öyrəndi...sonra bir az fikirləşdi ki,necə varlansın... Bir az,bir az,bir az dövlətin ayırdığı pulları sağa- sola dağıtdı...

Az qala unutmuşdum...bir az,bir azca,bir azcana dövlət büdcəsinə də pul keçirdi...Sonra bir az- bir az gözəl,mənzərəli rayonlarda münbit torpaqları qamarladı... O rayonda bir az torpaq on hektarlarla,bu rayonda malikanə...sonra xaricdə ondan artıq dövlətdə bir az otel,bir az şirkət,bir az malikanə...xarici banklara bir aaaaaaz avro,bir aaaaaz dollar qoydu...bir az- bir az varını- dövlətini artırmaqla məşğul oldu...övladları,etibar etdiyi qohumları xaricə gedərək, onun obyektlərini,yəni biznesini idarə etməyi bir az-bir az öyrənərək ,tam mənimsədilər...bu məmur bilirdi ki,işdən kənarlaşdırılan zaman o taleyi yaşayan məmurlar kimi gedib bir az istirahət edər...

Cəmisi bir dəfə onu yuxarıdakı bir az danladı..Büdcəyə uzun illər ərzində cəmisi bir azcana pul keçirdiyinə görə...o bir az incidi...

....İkinci Qarabağ müharibəsi başladı...kasıblar getdilər müharibəyə...torpaqları azad etməyə...imkanlıların ,məmurların,deputatların övladları bir az fikirləşib, ya öz işlərinə davam elədilər..ya da xaricə getdilər....amma torpaqlar azad olunduqca ,tez qayıdıb bahalı maşınlarında atəşfəşanlıq edib,çalıb,oxuyub ,oynadılar..hərdən fağır balalarının şəhid olduqlarına bir az bikeflədilər.. şəhid analarının fəryadları onların istirahətlərini pozmasın deyə bir az uzaqlaşdılar buralardan... bizim o yüksək çinli məmurun da xaricdəki övladları ,qohumları bir aaaaz, bir aaaaz pul qazanmağa davam edirdilər...

....Müharibə qurtardı..indi o yüksək rütbəli məmurun bir az da arzuları,istəyi var...İşğaldan azad edilmiş şəhər və rayonlarda bir az,yəni on hektarlarla torpaq əldə etmək...bir az torpaq...

....Deyirəm ee,adamda bir az həya- abır,bir az da vicdan olsun gərək....

....Mən də hamımızın gördüklərimiz və bildiklərimizdən bir az yazdım,indi gedim bir az yatım... Ümid edək ki,bir az keçməz ki....hər halda bir az ümid edək....