Adilə Nəzər: - RUHUMUN AĞACI - SALXIM SÖYÜD

Mən insanların sadəlövhüyəm
sən ağacların..
Sən küləklərin əsirisən, mən ehtiyacların.
Mən sənə sevdalıyam, sən mənə,
o qədər şeylər deyirsən ki, məndən-mənə…
Qıvrımsaçlı, yaşılgözlü söyüdüm,
mən sənin qollarında fəsil-fəsil böyüdüm…
Sənə ilk eşqim kimi doladım qollarımı,
sonra yalan sevdalar yordular yollarımı..
Mənim saçlarım ağrıyır indi,
sənin saçların ağlayır…
Bizi bir-birimizə ən gözəl xatirələr bağlayır…
Buralar narahatdır,
al məni də qoynuna,
qaytar keçən günlərə…
evcik qurub ev sanım –
o olmayan evimin yox qapısından keçim…
(o şirin çağlar üçün
həsrətlə yanır içim…)
Yenə Gülpara ilə gözbağlıcı oynayım,
gövdənin arxasından “burdayam” deyib qaçım.
Nə divarın dalında, nə də bağçada olum…
Beləcə yaşa dolum…
Başım qarışsın yenə dərslərin arasında…
ilk sevginin yasında…
özümü tapa bilim həyatın ortasında…
Qulaq as, salxım söyüd,
ey ruhumun ağacı,
gəl danışaq səninlə, azalsın bir az acı..
27.01.2019