Arzu Əsəd : - Əlbəttə,Tofiq Yaqublu azad edilməlidir və ...

Əlbəttə,Tofiq Yaqublu azad edilməlidir və mən inanıram ki, azad ediləcək. Lakin bu, heç bir vəchlə Qarabağ fatehi Azərbaycan Respublikasının Ali Baş Komandanının iradəsini sındırmaq naminə olmamalıdır.
Azərbaycan müxalifəti, Tofiq Yaqublunun özü bu iradəni sındırmaq barəsində düşünməməlidir. Bu iradə sınmayacaq, sınmamalıdır. Azərbaycan müxalifəti günümüzün geosiyasi şəraitində bunu daha ətraflı və dərindən düşünüb məsələyə başqa şəkildə yanaşmalıdır.
Bütün müxalifət və respublikanın ziyalıları respublika prezidentinə müraciət ünvanlamaqla yanaşı Tofiq Yaqubluya müraciət ünvanlamalı və onun dərhal aclığı dayandırmasını xahiş etməlidirlər. Tofiq Yaqublunun yaxınları və xüsusilə də, qızı Nigar xanım bu mövzuda heç bir siyasi prosesə qoşulmamalı, atasının sağlamlığı və azadlığı ilə bağlı yalnız bir övlad yanğısı ilə hərəkət edib, bir övlad kimi ölkə rəhbərinə müraciət etməlidir. Müxalif siyasi qüvvələr də onu bu mövzuda siyasi proseslərə cəlb etməkdən çəkinməlidirlər.
Bir tərəfdən söhbət bir insanın, bir atanın, Qarabağ qazisinin həyatından, digər tərəfdən isə minlərlə şəhidin Qarabağın azadlığı uğrunda həm də onlara ölməyi əmr edən Azərbaycan Respublikasının Ali Baş Komandanının, yəni Azərbaycan dövlətinin iradəsindən gedir. Bu səhv olmamalı idi.Tofiq Yaqubluya haqq etmədiyi bu cəza verilməməli idi. Lakin artıq olubsa, müxalifətli, iqtidarlı barışa, kompromisə gedən bir yol tapılmalıdır.
Tofiq Yaqublu uğrunda vuruşduğu Qarabağ naminə Qarabağ fatehi olan Ali Baş Komandanın iradəsinə xələl gəlməməsi, onun guya hansısa təzyiqlərə məruz qaldığı üçün əfv fərmanını imzalaması üçün yox, uğrunda minlərlə insanın şəhid olduğu bu iradənin qorunub saxlanması naminə aclığı dayandırmalı, sonra da bütün Azərbaycan cəmiyyəti elliklə Azərbaycan hökuməti və ölkə başçısından Tofiq Yaqublunun və digər günahsız siyasi məhbusların azad olunmasını xahiş etməliyik.
