Mikayıl Bozal: - QAZAĞISTAN XATİRƏLƏRİ

Ədəbiyyat 18:20 / 11.05.2025 Baxış sayı: 1154

 

***

Yetimlər evindən yol alan adam,

Salam, Erbol ağa, xoş gördük səni.

Özü öz yoluna nur salan adam,

Salam, Erbol ağa, xoş gördük səni.

 

Kazax ellərində itməz iz oldun,

Qaynadın, qarışdın- bizlə biz oldun,

Dostlara dost oldun, düzə düz oldun,

Salam, Erbol ağa, xoş gördük səni.

 

Ailən mehriban, geniş ürəkli,

İnsanlığı fərqli, diqqəti fərqli,

Halal dəstərxanın duzlu, çörəkli,

Salam, Erbol ağa, xoş gördük səni.

 

Səni olduğuntək tanımaq gərək,

Bu qədər duyğusal, bu qədər kövrək,

Bütün varılığınla ürəksən, ürək,

Salam, Erbol ağa, xoş gördük səni.

 

Yaxın dostlarıyla tənə tən oğul,

Səntək ola bilməz hər yetən oğul,

Özü özü boyda bir vətən oğul,

Salam, Erbol ağa, xoş gördük səni.

 

Demirəm sehirsən, demirəm sirsən,

Demirəm ocaqsan, demirəm pirsən,

Amma adamlıqda birsən ki, birsən,

Salam, Erbol ağa, xoş gördük səni...

 

... Hər an kiçik evim doğma evindir,

Ruhuma ruh gətir könlümü dindir,

Buyur gəlişinlə məni sevindir,

Salam, Erbol ağa, xoş gördük səni.