YAZARLARLA GÖRÜŞDƏN HAMI RAZI QALDI

MƏDƏNİYYƏT 17:02 / 08.05.2025 Baxış sayı: 6494

 

Dünən (07.05.2025) axşam üstü Yevlax rayonunun Əkşəm kənd orta məktəbində oxuyan 30 nəfərə yaxın məktəbli və məktəb pedaqoji kollektivinin bir neçə üzvü Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Bəhramovanın təşəbbüsüylə AYB Mingəçevir bölməsində təmsil olunan bir neçə yazarla görüşə gəlmişdilər.

Mingəçevir şəhər Uşaq və Gənclərin İnkişaf Mərkəzində keçirilən tədbirdə bölmə rəhbəri İsmayıl İmanzadə qonaqlara 26 yaşlı AYB Mingəçevir bölməsinin fəaliyyətindən, burda təmsil olunan tanınmış söz adamlarından, qurumun xəttiylə düzənlənən yubiley gecələrindən, kitab təqdimatı mərasimlərinin və yaradıcılıq günlərindən söz açmış, çıxışının sonunda tədbirə qatılanlara yönəlik xeyir-dualarını söyləmişdir. Əvvəlcə hüquqşünas şair, AYB-nin üzvü Bəhman müəllimin düzəltdiyi müxtəlif musiqi alətləri və fiqurlar nümayiş etdirilmişdir.

Yerli yazarlardan Bəhman Gülövşəli, Zümrüd Rəhimova, Məmməd Mərzili, Mənarə İsgəndər və Nicat Hunalp qələmə aldıqları yazılarını oxumuş, məktəblilərə ayrı-ayrılıqda uğurlar diləmiş, belə bir önəmli görüşdən məmnun olduqlarını vurğulamışlar.

Sonda şairlərdən İsmayıl İmanzadə, Minarə İskəndər və yazıçı-publisist Məmməd Mərzili tədbirə qonaq qismində qatılan müəllim və məktəblilərə özlərinin kitablarını hədiyyə vermişlər.

NİCAT KAMALOĞLU ,AYB-nin üzvü, şair