Kəmalə Abiyevadan : - İKİ  ŞEİR

Gündəm 20:00 / 11.05.2025 Baxış sayı: 3328

Ay anam

Bənzədərdim günəşi mən qəlbinə,

Qəlbin kimi gecələr də yansaydı.

Bənzədərdim suları mən səsinə

Kədərimdən səsin kimi donsaydı.

Bənzədərdim gözlərini dənizə

Dəniz kimi sahilləri olsaydı.

Ulduzlara baxışların deyərdim

Nuru axıb ürəyimə dolsaydı.

Bənzədərdim saçlarını səmaya

Səma qara geyməsəydi hər axşam.

Bənzədərdim səni bütün dünyaya

Dünya sənə bənzəsəydi, ay anam.

SƏNƏ DƏRD OLMASA

Bir vaxtlar gəzərdin əlimdən tutub,

Qaçardım yanınca çatmaqçün sənə.

İndi də gəzirsən əlimdən tutub

Çata bilməyirsən, ay ana, mənə.

Öz əllərin ilə məni bəzərdin,

Üstümdə tozu da görərdin, ana.

Gözünün nurunu nə tez itirdin,

Üstündəki tozu görmürsən, ana?

O şux yerişini nə vaxt itirdin

Mən niyə görmədim, niyə bilmədim?

O şux gülüşünü nə vaxt itirdin

Yanında olsam da duya bilmədim...

Gülüşün titrəkdi, yerişin asta,

Səninçün, axı mən neyləyim, ana?

Qoy ayaqlarını gözümün üstə

Onları gözümdə bəsləyim, ana.

Nə kövrək olmusan, anam, ay anam,

O ötkəm səsinin həsrətindəyəm.

Həyatda heç nədə gözüm olmayıb

İsti nəfəsinin həsrətindəyəm.

Yolunda heç nədən bil ki, qorxum yox,

Bir ömür nədir ki, qıymayım sənə?

Gözümün nurunu itirməkdən çox

Qorxuram dərd verim, ay ana, sənə.

Sənə dərd olmasa, ay ana, inan,

Ömrümü, günümü sənə verərdim.

Gözünün nurunu itirən anam

Gözümün nurunu sənə verərdim.

Ömrünü şam etdin mənim yolumda

Yandın gilə-gilə, ana, bilmədim.

Axı mən neylədim sənin yolunda

Mən ki, sənin kimi yana bilmədim