Tahir Rzayev, millət vəkili : "Suya qənaət vətəndaşın vəzifəsi hesab olunmalıdır"

Son illərdə yer kürəsində cəryan edən proseslər , o cümlədən də baş verən iqlim dəyişməsi ölkələrin iqtisadiyyatına , o cümlədən su təsərrüfatlarında da ciddi çətinliklər yaradıb. Bu bir danılmaz faktdır ki, Azərbaycanın da su ehtiyatlarının 70 %-i xarici ölkələrdən formalaşır , Ona görə də , ölkəmizdə sudan qənaətlə istifadə etmək çox vacibdir.
Bu məsələ ilə bağlı fikir bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev vurğulayıb ki, bu problemin həllinin müəyyən yolları var:
“Problemlərin aradan qaldırılması üçün hökumət tərəfindən müvafiq tədbirlər görülür, ölkə başçısı da öz çıxışlarında dəfələrlə xatırladıb ki, ölkənin iqtisadiyyatını yüksəltmək, xüsusilə kənd təsərrüfatını əkin suyu ilə, insanları içməli su ilə təmin etmək üçün lazım olan bütün tədbirlər həyata keçirilməlidir. Bu istiqamətdə çox mühüm layihələr, dövlət proqramları var. Eyni zamanda Su Ehtiyatları Dövlət Agentliyi yaradıldı, müəyyən islahatlar həyata keçirildi”, - deyə deputat bildirib.
Millət vəkili onu da qeyd edib ki, artıq işğaldan azad olunmuş ərazilərdə yeni su anbarları tikilib :
“Suyun yığılması istiqamətində əsaslı işlər gedir. Ancaq bu kifayət deyil, çünki hər bir şəxs suyun qədrini bilməlidir, sudan qənaətlə istifadə edilməlidir. Çox təəsüflər olsun ki, hesablamalara görə ölkədə içməli suyun 30%-i, eləcə də, əkin suyunun 40%-ə yaxını itkiyə gedir. Bu düşündürücü bir məsələdir. Çünki, bizdə hələ sudan istifadə mədəniyyəti tam formalaşmayıb, elə bilirik ki, su daimidir, tükənməzdir”, - deyə Tahir Rzayev əlavə edib.
Ona görə də sudan qənaətlə istifadə etmək hər bir vətəndaşın vəzifəsi hesab olunmalıdır. Bunun üçün müəyyən tədbirlər var və bu hökumət tərəfindən həyata keçirilir.