"Biz yaxın illərdə  bu  torpaqların bol bərəkətini görəcəyin" - Tahir Rzayev, komitə sədri

İqtisadiyyat 15:47 / 22.04.2025 Baxış sayı: 2708

İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı Azərbaycan iqtisadiyyatının dirçəlməsi və regional sabitliyin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Uzun illər davam edən işğal dövründə bu ərazilər yalnız infrastruktur deyil, həm də təbii sərvətlər və kənd təsərrüfatı potensialı baxımından ciddi itkilərə uğramışdı. Lakin ərazilərin azad edilməsi ilə yeni imkanlar yaranmış və bu ərazilərin kənd təsərrüfatı sahəsində yenidən dirçəldilməsi məqsədilə müxtəlif layihələr və investisiyalar həyata keçirilməyə başlanmışdır. Bu proses həm yerli əhalinin sosial rifahının yüksəlməsi, həm də ölkənin ümumi iqtisadi inkişafına müsbət təsir göstərmə potensialına malikdir.

Mövzu  ilə  bağlı  mətbuata açıqlama  verən  Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev  bildirib ki, işğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir:

"Əvvəllər bu torpaqlarda pambıq, taxıl, üzüm və digər kənd təsərrüfatı bitkiləri əkilib-becərilib, heyvandarlıq inkişaf etdirilib. Nəinki aqrar sektor həmçinin sənaye sahəsi də inkişaf edib və bu istehsal sahələri bir-birini tamamlayıb. Ancaq uzun müddət torpaqlar işğal altında olduğuna görə, təbii resurslar öz münbitliyini itirib. Ərazilərdəki kanallar, çaylar və göllər bərbad vəziyyətə düşüb. Həmçinin iri kənd təsərrüfatı kompleksləri tamamilə məhv edilib. Torpaqların kütləvi şəkildə minalanması və ərazilərin çirklənməsi bu sahələrdə səmərəli və diqqətlə düşünülmüş işlərin görülməsini tələb edir. Tarixi qələbədən sonra ərazilərdə mina təmizləmə işləri davam etdirilir. Min hektarlarla torpaq sahəsi minalardan təmizlənib və müəyyən ərazilər əkin dövriyyəsinə daxil edilib. Keçən il həmin ərazilərdə taxıl, bostan məhsulları və digər kənd təsərrüfatı məhsulları yetişdirilib. Hazırda statistik məlumatlara əsasən, 600 min hektardan çox sahə əkin dövriyyəsinə qatılmağa hazırdır. Digər tərəfdən bu ərazilərdə heyvandarlığın, arıçılığın və balıqçılığın inkişafı üçün böyük imkanlar mövcuddur. Ərazilərdə tikinti-bərpa işləri ilə yanaşı, kənd təsərrüfatının inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir. Su anbarları tikilib-quraşdırılır, əhalinin məskunlaşması ilə əlaqədar əraziyə avadanlıqlar artıq gətirilməyə başlanılıb. Görülən tədbirlər göstərir ki, bir neçə ildən sonra işğaldan azad olunmuş ərazilər ölkənin aqrar sektoruna öz layiqli töhfələrini verəcək. Çünki bu torpaqlar münbitdir, əkin üçün əlverişlidir və burada yaşayan insanların bu sahədə müəyyən təcrübələri mövcuddur"