Adilə Nəzərdən    İKİ ŞEİR

Ədəbiyyat 11:45 / 07.05.2025 Baxış sayı: 1171

TANRIM ÖZÜN QORU

Tanrım, özün qoru məni sevgidən,

Yalandır – sorağı olur sevginin.

Sevgi bir toxumdu, adam sevgidən

Yaranıb, torpağı olur sevginin.

 

Bir sevgi üç ömrün kələfi olur,

Adamın ən qırıq tərəfi olur.

Gül-çiçəyi, otu-alafı olur,

Saralan yarpağı olur sevginin.

 

Hamı bir “öldürən” sevgiyə acdı,

O neçə korların gözünü açdı...

Kimi bir sevginin başına tacdı,

Kimisə dırnağı olur sevginin.

 

Mən qaçıb sığındım Sənin izinə

Sən demə düşmüşəm Eşq dənizinə.

Uzaqdan qaraltı dəyir gözümə,

Deyirlər qarmağı olur sevginin.

 

 

 

***

Çox üşüdür yaz küləyi,

Gülüşlər susur yarıda.

Ələyir fələk ələyi,

Köçür cavan da, qarı da..

 

Qış kimi keçirik yazı,

Bitmək bilmir ağrı, sızı,

Zalım geyir al-qırmızı,

Məzlum soluxur sarıda..

 

İnsan yerə həvəsləyir..

Özün axtarır, səsləyir.

Əkir, böyüdür, bəsləyir,

Qismət olmayır barı da.

 

Qəlbdən qeyri yer oymuruq,

Qəmi çəkməkdən doymuruq.

O bizik, heç nə duymuruq,

Qulaq var dəlir darı da...

 

Utanırıq söyləməyə,

Sual vermək olmaz, deyə..

Dərdi göndərir bəndəyə,

Dərmanı qalır Tanrıda.