Arzu Əsəd : -  Dinin həqiqəti çoxdan öz söz qabığından çıxıb...

Maraqli 12:14 / 07.05.2025 Baxış sayı: 1469

Alaq otu kimi, pıtraq kimi Azərbaycan ictimai şüur zəmisini bürüyən dini moizələr, debatlar, dinin əməldə deyil boş sözlərdə, mənada deyil surətdə axtarılması inkişafa çox zərər vurur.

Artıq "Quranda bu var, ya yox" kimi absurd sual-cavaba qədər tənəzzül etmiş, bəsitləşmiş, hərfiləşmiş mübahisə və müzakirələr milli şüurun səviyyəsi, nəyə sərf olunması baxımından utanc vericidir. Yaradılışından 1400 il keçdikdən, bəşər təfəkkürünün hazırkı müasir səviyyəyə çatmasından sonra bir dini kitabın hərfləri, sözləri, cümlələri yenidən mənalandırılmaz, mənalandırılsa da bu son dərəcə nəzəri-elmi səciyyə daşıyar.

Bu gün din rituallarda, mərasimlərdə, ibadət göstərişlərində yaşanmamalıdır. Dinin həqiqəti çoxdan öz söz qabığından çıxıb insan davranışlarında, insanlararası münasibətlərdə özünü göstərməlidir. Din hər hansı bir hoqqabaz moizəçinin, təfsirçinin "tapıntılarından", "kəşflərindən", "mənalandırmasından" deyil, bir süzgəc kimi keçdiyi minillik tarixdən, ədəbiyyatdan, mədəniyyətdən, məişətdən, öyrənilməlidir.

Çağdaş təfəkkür adına nə qədər ayıb, utancverici bir hərəkətdir ki, sən öz minillik dinini hansısa təriqətçinin, şərhçinin, hərf və söz yozanın dilindən öyrənəsən. Sən sadəcə millətinin, vətəninin tarixini, ədəbiyyatını, mədəniyyət və məişətini öyrən, beləliklə, min il ərzində bunlara hopmuş, bunların süzgəcindən keçmiş dininin də ən saf, doğru və bu günün üçün gərəkli olan halını öyrənəcəksən.

Məşhur hekayətdə deyildiyi kimi, xəzinə bağdakı bir ağacın dibinə basdırılmış qızıl küpündə yox, bütün bağın əkib-becərilib ondan bəhər götürülməsindədir.