Elman Eldaroğlu   Musa Yaqubun ANIM  GÜNÜNDƏN  yazdı

YAZARLAR 08:25 / 07.05.2025 Baxış sayı: 2037

Mayın 7-si Musa Yaqubun anım günüdür

Hələ şair deyildi. Balaca Musa dədə-baba yurdunda yer şumlayıb toxum səpirdi. Biçin vaxtı böyüklərə qoşulub məhsul yığırdı. Nə dünyanın qara daşından xəbəri vardı, nə də kiməsə "öyrətmə özünə, öyrətmə məni" söyləmişdi. İllər ötdü, balaca Musa sətir-sətir, şeir-şeir cilalanıb böyük şair oldu. Və bir gün Musanın şöhrəti yaşadığı kəndin hüdudlarını aşıb Azərbaycana yayıldı. Necə deyərlər, Yaqubov Musa şair Musa Yaquba sığındı. Poeziyası sevgidən yoğrulduğu üçün, ona xalq məhəbbəti gətirdi...

Bəli, Musa Yaqub 1937-ci ildə İsmayıllı rayonunun Buynuz kəndində dünyaya gəlib. Orta təhsilini həmin rayonda aldıqdan sonra Göyçay pedaqoji məktəbində təhsilini davam etdirib. Daha sonra bir il Tircan kənd orta məktəbində müəllim, doqquz il Buynuz kənd ibtidai məktəbində əvvəlcə müəllim, sonda direktor vəzifəsində çalışıb. 1967-1973-cü illərdə işləyə-işləyə ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. 1974-cü ildə Bakıya köçüb. Dörd il Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifələrində çalışıb. 1978-ci ildə doğma yurda dönərək "Zəhmətkeş" qəzetində redaktor işləyib. İlk əsəri 20 yaşında "Azərbaycan" qəzetində çap edilən "İki qəlb, iki dünya" poeması olub...

…Musa Yaqub son illər Parkinson xəstəliyindən əziyyət çəkirdi. 2021-ci ilin may ayının 7-də vəfat edib…

Musa Yaqubun yaradıcılığı barədə danışıb vaxtınızı almaq istəmirəm. Bu barədə çox deyilib, çox yazılıb. Onun xalqın şairi olduğunu bu xalq çoxdan qəbul etmişdi, bircə hakimiyyət qalmışdı. Nəhayət, vəfatından iki il öncə, o bu ada layiq görüldü…

Poeziya həmişə sərin dağ çeşməsi kimi şaqraq səsiylə əsəbləri oxşamır, bəzən də çaylar kimi kükrəyib məcrasından çıxır. Allaha “Sən” deyə müraciət edən poeziya, heç kimə “Siz” deməyi bacarmaz. Kimin dediyini unutmuşam, şairi güllələməzlər, şairi gülə tutarlar…

"Payı istəməzlər, payı verərlər" söyləyən şairin nəhayət ki, halal payı özünə çatdı. Dövlət o vaxt güclü olur ki, xalqın dediyini hakimiyyət, hakimiyyətin dediyini xalq da deyir...

Bəli, mayın 7-si Xalq şairi Musa Yaqubun anım günüdür. Ruhu şad olsun!