SU
jpg-1745645292.jpg)
“Su aydınlıqdır” məsəlindən başlayım ki, fikrim də aydın başa düşülsün. Yox, üç məktəbin, bir uşaq bağçasının, bir xəstəxananın suyunun kəsilməsindən danışmayacam, nə işimə qalıb. Mənim işim ədəbiyyatdır ki, ol səbəbdən də su kəsilməsindən törəyən hadiseyi-təfriqə yadıma folklorumuzdan tutmuş klassik ədəbiyyatımıza, ordan da yönü bəri modernizmə, lap postmodernizmə qədər su haqqında deyilən, yazılan məsəlləri, əsərləri gətirdi. Mən də bu deyimlər, şeirlər, məsəllər və əsərlər arasında bir balaca gəzişmə edəcəm.
“Su aydınlıqdır”, kaş su problemlərini həll etməli olan mötəbər vəzifə görəvlilərinin hamısının adı Aydın olaydı, yəni Aydın adlı adamları o mənsəbə təyin edəydilər ki, dodağımızın suzuzluqdan qarsıyıb dilimizin yandığı zaman onun dərgahına yön çevirəndə “mənnik deyil” cavabını eşitməyəydək. Eşitsək də dirəşəydik ki, axı ay Aydın, atalar deyib ki, sənlikdir. İndi o deyir onnuxdu, bu deyir bunnuxdu, atalar da deyir, Aydınnıqdır. Biz də ortada girinc olmuşuq.
“Su axar, çuxurunu tapar”. Axı bizim su axmır. Bəlkə də axır, amma yönü bəri axmır, borunun içiylə yönü geri axır. Nə fərqi var, hara axır axsın, əsas oldur ki, çuxurunu tapsın. Çuxur da o yerə deyirlər ki, orda nəsə bir zad olub, o zadı harasa naməlum istiqamətdə aparıblar, yeri çuxur qalıb. Məsələn, bizim yönügeri axan suyumuzun gedib tapacağı çuxurun yerində nə vaxtsa “su pulu” adlı bir zad ola bilərmiş. Kimsə o zadı ordan götürüb təyin olunmayan bir istiqamətdə aparıb ki, onun da yeri çuxur qalıb. İndi bizim su gedib o çxura dolacaq. Vay o gündən ki, kimsə orda bata. Bais biz olarıq, su yiyəsi bizik axı. Heç istəyərəm ki, bizim suda kimsə bata? İlin-günün bu vaxtı saman çöpü də tapmaq mümkün deyil ki, suya atasan ondan tutub çıxa. (İndi kiminsə ürəyindən keçdi ki, elə bu yazıya görə sən batacaqsan, ay Elşən Əzim. Mən harda batacam? Axı mən tərəfə su gəlmir və bu suyun gedib tapacağı çuxur mən tərəfdə deyil. Həm də batmaq sizin düşündüyünüz deyil, ayrı şeydi.)
Saçma ey göz əşkdən könlümdəki odlarə su,
Kim, bu dəklü tutuşan odlarə qılmaz çarə su.
Bunu da Füzuli babamız deyib. Deyib ki, ey gözüm, könlümdəki odları göz yaşıyla söndürmək mümkün deyil, göz yaşı özü də istidir, ona görə adi su kimi odlara çarə qılmaz. Yəni oturub ağlamaqla bizim su əndişəmizə də çarə mümkün deyil. Həm də biz susuzluqdan yüngülvari əndişələnmişik ki, o yanğımızı da ordan-burdan tapıb gətirdiyimiz su ilə söndürə bilirik. Amma və lakin bu gün mənə gələn səslərdən böylə idrak etdim ki, hardasa ciddi yanğınlar çıxıb, bəzi yerlərdə təsadüf olunur ciddi təlaşlərə, təşvişlərə və əndişələrə. Buna da təəccüb etmədim, çünki su kəsiləndə borudan əcaib-qəraib səslər gəlir ki, belə səslər də su borumuzdan bir həftə əvvəl gəlmişdi. Bu gün isə eynən həmən səslər telefonumdan gəlməyə başladılar. Bir də həmin səslər su açılanda borudan gəlir ki, onda da kranın lüləyindən su beyqəfil güllə kimi çıxır. Və özüylə palçıq, lil, pas və s. bu kimi nəsnələr gətirir ki, durulmağını bir xeyli gözləməli olursan. Elə suyun durulmağı da təhlükəlidir, durulanda da dibi görünür, ən pisi odur ki, quruyanda da dibi görünür.
Orxan Pamukun “Qara kitab” romanında bir yer var. Əsərdəki Jurnalist Cəlal Salikin yazdığı köşələrdən birində İstanbul boğazının quruması təsvir olunur. İlahi, dəniz quruyandan sonra dibində nələr görünməyə başlayır? Batırılanlar, öldürülənlər, axtarışda olan maşınlar, dualanıb, cadulanıb suya atılmış qıfıllar,nələr, nələr... Deyəsən, bizim də suyun quruması çox gizlinlərə aydınlıq gətirəcək. Su bir həftədir kəsilib, biz də dinməz-söyləməz, suyu süzülə-süzülə işə gedib gəlirik. Bu bir həftə ərzində böylə fikirlər ağlıma da gəlməzdi, ta ki, bu gün məktəbin yerləşdiyi əraziyə çəkiliş gəldiyini eşidənlərin təlaş, təşviş və qorxularını duyanadək.
Arazı ayırdılar
Lil ilə doyurdular.
Bu bayatı hardan ağlıma gəldi? Sularımızın ən dərdlisi Arazdır, əlbət ol səbəbdən xəyalıma gəldi. Ya da bu bayatı ona görə ağlıma gəldi ki, mənsub olduğum Şərqi Zəngəzur İqtisadi rayonu Arazın qırağından başlayıb bizim dağlara qədər gedib çatır. Heç hənanın yeridir? Qayıdım mətləbə.
Harda qalmışdım? Həə, telefonumdan gələn səslərdə. Səslərin biri lap uzaqdan gəlirdi, bəlkə də yuxarıdan gəlirdi, bəlkə də Araz qırağından... Dəhşət əsəbi səs idi. Su da tapmadım ki, o səsdəki əsəbin üztünə səpəm. Səs nə desə yaxşıdır? Dedi ki, orda mətbuata müsahibə verənlər qələt eləyiblər. İndi fikir məni götürüb. Bilmirəm qələt mətbuata müsahibə verməkdir, yoxsa dövlətə su pulu verməməkdir. Siz deyin, qələt hansıdır, bu felin təsdiqi, yoxsa inkarı?
Nə isə, bu su çox qəliz şey imiş. Ona görə Nizami deyirmiş ki, “artıq içiləndə dərd verir o da”
Əlqərəz, belə məlum olur ki, bu su çox su aparacaq. Deyəsən, “xəmir” deməliydim “su” dedim axı. Eybi yox, başqa bir el deyiminə də sulu bir dəyişiklik eləyib sözümü tamama yetirəcəm. “Söğan yeməmisənsə, için niyə göynəyir”? Görəsən burdakı “soğan” kəlməsini “su pulu” birləşməsiylə əvəz etsəm, gəlib başımı kəsməzlər ki? Neynək kəssinlər, kəssələr də qanımı yumağa su tapmayacaqlar.
Nə isə... Su gələn arxa bir də gələr...
Elşən Əzim
AYB üzvü, prezident təqaüdçüsü...