Ayaz Arabaçı : - Bir saatlıq görüş ver...

Bir saatlıq görüş ver,
Beş saat qabaq gəlim.
Həyəcandan,təlaşdan
Əssin ayağım-əlim.
Başqa bir şəkil alsın,
Ayrılığın notları.
Yandırsın yeri-göyü,
Ürəyimin odları.
Elə bir anda gəl ki,
Bir yoxdan bir var olsun.
Yalvarışlar,inadlar,
Öpüşlər təkrar olsun.
Çox demirəm-bir saat,
Bircə saat boşal,qaç.
Həmişə olduğutək,
Evdən-işdən baş al, qaç.
Vaxtdan başqa nəyim var-
Arxayın gəl,aram gəl.
Amma insafın olsun,
Qan verməmiş yaram,gəl.
Qoy bu paslı telefon,
Bir kərə cana gəlsin.
Gəl, köhnə xatirələr,
Bir ətə-qana gəlsin.
Gəl bir az su çiləyək,
Bu yanan ürəklərə.
Qara kətan saçını,
Sovurum küləklərə.
Səni o dadlı-sərxoş,
Nəzərlə gözləyəcəm.
Gözlərim dopdoludur-
Xəzərlə gözləyəcəm.
Yenə həmin o yerdə,
Xəyanət bağındayam.
Elə hesab elə ki,
Ölüm ayağındayam.