Şəhriyar Məmmədzadə - Yuxunuz şirin olsun,dirilər
jpg-1751539235.jpg)
Yusif Səmədoğlunun əziz xatirəsinə…
( Hekayə)
Qurban addım-addım, küçə-küçə gəldiyi yolda birdən başını qaldırdı və qarşısında bir darvaza gördü. İçəri nəzər salanda gördüyü əzəmətli heykəllər, möhtəşəm qəbir daşları fikrini yayındırdı. Qurban bura niyə gəldiyini bilmirdi, amma elə bil nəsə onu içəri çəkirdi. Qəbirlərin arası ilə astaca irəlilədi. Bura insana qəbiristanlıqdan çox parkı xatırladırdı. Burda yatanlar ölü deyildi – hər daşın altında bir tarix, yaddaş, bir dövr yatırdı. Qəbirlər sadəcə bir daş, bir abidə deyil, onlar bir ömürlük hekayənin sükutla yazılmış son cümləsidir.
Qurban yavaş-yavaş bir qəbirə yaxınlaşdı. Adını oxudu: SƏMƏD VURĞUN.
Dayandı, ağlına uşaqlıqdan əzbərlədiyi “Azərbaycan” şeiri gəldi. Ona elə gəldi ki, sanki Səməd Vurğun onu dinləyir.
Qəbirlərin arasında gəzəndə özünü kitab səhifələrinin arasında dolaşan bir oxucu kimi hiss edirdi. Hər məzar bir hekayə, bir roman kimi idi. Ətrafda nə danışıq, nə səs vardı – amma bu sükut insanı qorxutmurdu, əksinə, onu düşündürürdü. Qurban birdən bir daşın qarşısında dayandı. Gözləri, nə üçünsə, digər qəbirlərə bənzəməyən bir daşa sataşdı. Başdaşında yazılmışdı:
“Yuxunuz şirin olsun, dirilər. – YUSİF SƏMƏDOĞLU”
Qurban bir neçə dəqiqə qəbrin qarşısında dayanıb baxdı. Sanki heç nə anlamadı. Sanki bu yazı bir zarafat idi, ya da sadəcə poetik bir təsadüf. Amma içindəki səssizlikdə bu söz yavaş-yavaş yerini aldı.
Geri döndü, yoluna davam etdi. Amma ürəyində qəribə bir sıxıntı vardı – adını qoya bilmədiyi bir hiss. Sanki çoxdan itirdiyi bir şeyi qəfil xatırlamışdı, ya da kiminsə səsini illər sonra yenidən eşitmişdi. Bu cümlə beynindən çıxmırdı, amma o bunu hələ özü də anlamırdı.
Evə çatanda paltosunu soyunmadı. Divara söykəndi. Pəncərədən çöldəki həyatı izləməyə başladı: Aşağıda küçədən keçən insanlar, mağazalara girib-çıxanlar, bir-birinə əsəbi baxış atanlar, telefona ilişib qalan uşaqlar…
Hər şey ona həmin cümləni xatırladırdı.
“Biz yaşadığımızı düşünürük,” – deyə fikirləşdi, – “amma əslində ölülər qədər səssizik, cansızıq.”
Axşam düşdü. Qurban işıqları söndürdü. İçindəki səssizlik artıq səssiz deyildi – bir cümlə ürəyinin divarlarını döyürdü. Amma o, heç nə demədi, sadəcə uzandı və yavaşca gözlərini yumdu. Günün yorğunluğundan gözlərini yuman kimi yuxuya getdi.
Həmin cümlə sanki bir pərdəyə çevrilib onun bütün fikirlərinin və düşüncələrinin qarşısını kəsdi. Əvvəl qaranlıq oldu… sonra işıq. İşıq da yox – dumanlı bir şəfəq.
Qurban özünü tanımadığı bir məkanda gördü. Biraz addımlayıb bir yolayrıcına çatdı. Sol tərəfində içində olduğumuz və həyat adlandırdığımız bir dünya vardı. Küçələr, binalar, insanlar, marketlər, siqnal səsləri, telefon ekranlarına zillənmiş gözlər… Hamı bir yerə tələsirdi. Hər kəs bir şeyin arxasınca qaçırdı – amma nə üçün qaçdıqlarını özləri də bilmirdilər. Hamı danışırdı, amma heç kim bir-birini dinləmirdi. Hamı gülürdü, amma gözlərində dərin bir yorğunluq vardı. Hamı çalışırdı – təkcə özləri üçün. Sanki böyük bir yarış idi. Amma qalibi olmayan. Kimi bir vəzifə, kimi pul, kimi şöhrət üçün çalışırdı. Qurban baxdıqca görürdü ki: İnsanlar bir-birinin ayağından dartır, bir-birinin üzünə gülənlər arxada bir-birinə quyu qazır, dostluqlar sadəcə zərif maskalardan ibarətdir. Cəmiyyət sadəcə insanlardan yox, onların içindəki boşluqlardan ibarətdir. O boşluqlar ki – onlar nə ilə doldurulacağını bilmədən böyüyür. Bir zamanlar kitablarla, sevgi ilə, düşüncə ilə dolmalı olan o boşluqlar indi yalanlarla, haqsızlıqlarla və vaxt itkisi olan sosial şəbəkələrlə doldurulurdu. Amma cəmiyyətin təlatümünün arasında hələ də ayaqda qalmağı bacaran, özünü unutmayan, doğru fikirləşən insanlar var. İş burasındadır ki, kimsə onları axtarmırdı. Çünki bu çağın insanı qızıl səsi deyil, səs-küyü seçirdi. Bu dövrün insanları səsini ucadan çıxaranı “ağıllı”, rəngli paltar geyinəni “mədəni”, şayiə danışanı isə “maraq doğuran” sanırdı. Cəmiyyətin ən böyük xəstəliyi isə, hər kəsin hər şeyi bildiyini sanması, amma heç kimin heç nəyi dinləməməsi idi.
Lev Tolstoy bununla bağlı çox yaxşı deyib:
“Həyatını lazımınca qura bilməməyin başlıca səbəblərindən biri, hamının “həyatını lazımınca qurmaq” istəyib, ancaq heç kimin həyatın özünü “qurmaq” istəməməsiylə bağlıdır.”
Qurban qəfil başını sağ tərəfə çevirdi. Dünən baxdığı xiyabanın darvazasından içəri başqa cür görsənirdi. Orda nə ticarət vardı, nə yarış, nə saxta gülüşlər. Hər şey sakit, aydın və başqa cür gözəl idi. İnsanlar bir-birlərinə gülümsəyirdi, amma bu gülüşlərin arxasında saxtakarlıq yox, hüzur vardı. Söhbətlər sakit idi – sanki könüldən könülə ip çəkilmişdi. Kimsə kimsəyə nəsihət vermirdi, çünki hamı həqiqəti eyni dərəcədə bilirdi. Burda nə şan-şöhrət, nə rütbə vardı. Nə də onlar uğrunda mübarizə. Burda ölülər yox, sanki əsl dirilər yaşayırdı. Onlar rahat idilər. Artıq “nə üçün yaşayırıq?” sualının cavabını tapmışdılar. Onlar bilirdi ki, sevgi, sədaqət, söz və vicdan həyatın yeganə mənasıdır. Heç kimin başqasının yerində gözü yox idi. Hamı öz yerini tapmışdı.
Qurban qəfildən eşitdiyi qəhqəhəli gülüşə hövlnak yuxudan ayıldı. Əlləri tərləmişdi. Başının altında yaş yastıq vardı. Bir neçə saniyə ətrafına baxdı. Otaq sükuta qərq olmuşdu, amma o sükut artıq o biri dünyanın sükutu deyildi.
Səhərin açılmağını gözlədi. Tezdən paltosunu götürüb yola düşdü. Xiyabana çatmağa səbirsizlənirdi. İçində bir az da, sanki vicdan əzabı var idi. Çatdı. Dünən gecə yuxuda gördüyü sükutun, işığın, rahatlığın, həmçinin narahatlığın izlərini axtara-axtara, axırda gəlib o tanış məzar daşının qarşısında dayandı. Qəbrin üzərindəki cümləni təkrar-təkrar oxudu:
“Yuxunuz şirin olsun, dirilər…”
Sanki bu cümlə məzar daşına deyil, bir güzgüyə həkk olunmuşdu və o güzgüdə Qurban özüylə və bütün bəşəriyyətlə üz-üzə gəlmişdi. O artıq qəbiristanlıqda yatanların deyil, əslində şəhərdə gəzən, yaşayanların yuxudaolduğunu anlamışdı. Həyat elədir ki, bəzən yaşamaq üçün ölmək, görmək üçün gözləri bağlamaq, oyana bilmək üçün isə yuxuya getmək lazımdır.
Yuxunuz şirin olsun, dirilər…Çünki hələ də oyanmamısınız.
01.06.2025