Ayaz Arabaçı : - BİLMİRƏM

Nə söz tapım səndəki bu,
Qamətə-boya, bilmirəm.
Önümdə bir sual durub,
Bilirəm və ya, bilmirəm.
Bu nə düzən, bu nə çəki,
Yaxdı məni alov təki,
Hazırsanmı qəlbimdəki,
Düyünə-toya?
Bilmirəm.
Könlüm dərdin təbilidi,
Caizdisə təbiridi,
Hər bir sözüm təbiidi,
Bər- bəzək, boya bilmirəm.
Kəs yolunu sislərimin,
Bədlərimin, pislərimin,
Sənə olan hisslərimin,
Adını qoya bilmirəm.
Səbr ola ki, adam dözə,
Ürək zalım baxmır sözə,
Bir çarə qıl mən acgözə,
Mən səndən doya bilmirəm.