Mən bu zamana sığmazam - Ələmdar Məmmədov yazır (ardı)

Gündəm 09:45 / 22.07.2025 Baxış sayı: 1815

Hər şeyi kadrlar həll edir...

 

İlyas İsmayılov Respublika prokuroru olarkən kadrların seçilib yerləşdirilməsində hansı meyarları əsas götürməsini 1981-ci ildə çapdan çıxmış “Prokurorluq işçilərinin mənəvi tərbiyəsi” adlı kitabçasında belə qeyd edirdi: “Dövlət orqanları sistemində prokurorluğun tutduğu yer, sosial təyinatı elədir ki, prokurorluq bütünlükdə qanunçuluğun vəziyyətinə görə məsuliyyət daşıyır...  Prokurorluq işçisi ədalətə dərindən inanıb, bu yolda heç bir çətinlikdən qorxmadan mübarizə apararsa, hadisələri şəxsi baxımdan deyil, xalqın nöqteyi nəzərindən araşdırarsa həmişə hamının nəzərində siyasi xadim səviyyəsində durmuş olar. Yerli təsirə qarşı durmaq qabiliyyətini itirən, prinsipsiz mövqe tutaraq qanunların pozulmasına göz yuman prokuror öz sosial təyinatının əley­hi­nə getmiş olur.”                                      

İlyas müəllimin bütün fəaliyyəti dövründə kadrlara münasibəti məhz bu prinsiplər əsasında formalaşmışdı.

 

 ...1987-ci ildə SSRİ Baş prokuroru Rekunkov və SSRİ Təhsil na­ziri İlyuşinin birgə məktubu var idi. Həmin məktubda gələcəkdə prokurorluq orqanlarında işə qəbul ediləcək abituriyentlərin se­çil­məsi tövsiyə olunurdu. Azərbaycan Respublikası Prokurorlu­ğunda bu işə məsul həmin vaxt Ümumi nəzarət şöbəsinin rəisi İsaxan Vəliyev idi. Kadrların seçilməsinə xüsusi diqqət yetirən İlyas müəllim seçilmiş tələbələrlə görüşür, bilik səviyyəsi ilə tanış olub, tövsiyələrini verirdi.

Bundan başqa, İlyas müəllim həm də Dövlət İmtahan Komissi­ya­sının sədri kimi imtahanlarda iştirak edir və təyinatla prokurorluğa düşməsə də, ləyaqətli və savadlı məzunları işə qəbul edirdi.

Bu barədə hazırda təqaüddə olan baş ədliyyə müşaviri Abdulla Yusifov belə deyir:

“İ.İsmayılov 1988-ci ildə Dövlət İmtahan Komissiyasının sədri kimi imtahanlarda iştirak edirdi. Hiss edirdim ki, mənim danışığım onun xoşuna gəlir. Müəllimlər arada bir-biri ilə danışarkən mən fürsətdən istifa­də edərək, tələbə bicliyi işlədib, təkrarçılıq etmək istədim. İlyas mü­əllim elə birinci cümləmdə mənə iradını bildirdi. Sonra O, bir Şəki lətifəsi də danışdı. Mən imtahanda əla qiymət aldım. Hiss etdim ki, İlyas müəllim əlindəki dəftərə nə isə yazdı. Təyinatda mən Ədliyyə Nazirliyinə düşmüşdüm. Hətta Oğuz rayonunda vəkil olmalı idim. Əsas təyinat zamanı birinci prokurorluq orqanlarına düşənlərin adı oxunurdu. Mənim adım çıxanda hamı kimi mən də təəccüb etdim. Prokurorluqda işləməli olanları İlyas müəllim özü qəbul edirdi. Onun bütün danışığı və tövsiyələri ədalətli və humanist olmağa yönəlmişdi”.

Sonralar Abdulla Yusifov İlyas müəllimin etimadını tam doğruldanlardan biri oldu.

Rayon prokuroru, Baş Prokurorluğun idarə rəisinin müavini, Bakı şəhər Prokurorluğununun Dövlət İttihamı İdarəsinin rəisi vəzi­fələrində işləyən Abdulla Yusifov bütün həyatı boyu ədalət axtarışında olub, bu yolda hədsiz məhrumiyyətlərə məruz qalaraq, hətta vəzifə kürsüsündən endirilməsi və sonradan öz xahişi ilə prokurorluq orqanlarından xaric olunması məgər İlyas İsma­yıl­ov­un ədalətli mövqeyinin  təsiri deyildimi?..

İlyas İsmayılov müsahibələrinin birində bu barədə belə deyir: “Mən hesab eləyirəm ki, ədalət bizim bütün ictimai və fərdi həya­tımızın əsas qanunu olmalıdır. Təbiətdə baş verən sunamiləri, zəlzələləri, vulkanları və digər kataklizmləri dəqiq elmlərin nüma­yən­­dələri günəş şüalarının yer üzərində ədalətsiz bölünməsiylə izah edirlər. Ədalətsiz cəmiyyətdə də həmişə siyasi təlatümlər olur. Odur ki, ədalət bizim əsas meyarımız olmalıdır. Biz həmişə əda­lətə yaxınlaşmağa çalışmalıyıq. Öz şəxsi maraqlarımız üçün ədaləti qurban verməli deyilik. Mən özümü belə tərbiyə eləmişəm. Həmişə yazılarımda da bunu deyirəm. Çünki mən ədalət hissinə inanıram. Sən bir dəfə həyatda yaşayırsan, onu da ləyaqətlə yaşamalısan. Bunun üçün Xeyir və Şərin mahiyyətini dərk edib Xe­yirin yanında olmalısan, vətən və vicdan borcunu unutmamalısan, fədakarlıq və ədalətlilik nümayiş et­dir­məlisən”.

 

Təqaüddə olan baş ədliyyə müşaviri Mircavan Kazımov da İl­yas İsmayılov ədalətini hiss edənlərdən biridir. M.Kazımovun de­dik­lərindən:

“İlyas müəlimlə mən ilk dəfə 1985-ci ildə hüquq fakültəsində dövlət imtahanı verərkən və diplom müdafiəsi zamanı qar­şı­laşmışam. İlyas müəllim dövlət imtahan komissiyasının sədri idi. Həmin dövrdə prokurorluq orqanlarına işə qəbul olunacaq əlaçı və digər müsbət keyfiyyətləri ilə fərqlənən tələbələrlə Respublika Prokurorluğunun əməkdaşları tərəfindən imtahandan əvvəl gö­rüş­lər olur, söhbətlər aparılır, kadrlar seçilir, Respublika Prokurorluğuna dəvət olunurdu. Orada da zəruri yoxlamalar aparılırdı və dövlət imtahanından sonra təyinatla prokurorluq orqanlarına qulluğa  qəbul olunurdular. Mən də dövlət imtahanına qədər bütün bu proseslərdən müvəffəqiyyətlə keçdim və həmin siyahıya daxil edildim. Dövlət imtahanlarının başlanmasından bir gün əvvəl mərhum dekan İsa Məmmədov məni yanına çağırıb bildirdi ki, adım prokurorluq orqanlarına təyinat alınması nəzərdə tutulan siyahıdən çıxarılıb, seçim etməliyəm, ədliyyə və ya daxili işlər orqanları və fikrimi bu gün bildirməliyəm. Əlaçı olduğuma görə mənə belə sərbəstlik verilmişdi. Mən ədliyyə orqanlarını seçdim. Səhərisi günü elmi kommunizm fənnindən dövlət imtahanı oldu. Təyinatda olan dəyişiklik mənə çox pis təsir etmişdi. Ona görə də dörd qiymət aldım. Dövlət hüquq nəzəriyyəsindən İlyas müəllimin sədrliyi ilə imtahan verdim, əla aldım. Hətta, yadımdadı, birinci suala cavab verdikdən sonra hörmətli professorumuz Məsmə xanım soruşdu ki, İlyas müəllim icazə verirsiz, tələbə ikinci suala keçsin, İlyas müəllim cavab verdi ki, keçsin, mən birinci suala əla yazmışam. İlyas müəllimin sədrliyi ilə ikinci imtahan cinayət hüququ fənnindən oldu. Həmin imtahandan da əla aldım. Sonun­cu diplom işinin müdafiəsi idi. Müdafiə zamanı dekanımız  İsa mü­əl­limlə mənim aramda məcmu cinayətlərin tövsifi və cəza təyini mə­sələlərinin izahı ilə əlaqədar fikir ayrılığı yarandı. İlyas müəllim müdaxilə etdi, mənim mövqeyimlə razılaşdı və mən müdafiədən də əla qiymət aldım.

Ona görə də İlyas müəllim mənim nəzərimdə, qəlbimdə obyektiv, savadlı, prinsipal bir şəxsiyyət kimi qalıb və qalacaq.

Təyinatla Ədliyyə Nazirliyinin Ekspertiza İnstitutuna gön­də­ril­dim. Bir il işləyəndən sonra İnstitutun direktoru mərhum İdris Əli­yev məni otağa çağırıb soruşdu ki, prokurorluq orqanlarında iş­ləmək istəyirsən? Cavab verdim ki, İdris müəllim, kimdi məni prokurorluğa qəbul edən. Cavabında İdris müəllim bildirdi ki, İlyas müəllim səninlə maraqlanır, mən  müsbət fikir bildirdim, yəqin ki səni qısa vaxt­da Respublika Prokurorluğuna dəvət edəcəklər. Elə də oldu, qısa müddətdə mən prokurorluq orqanlarında qulluğa qəbul edildim”.

Yuxarıdakı xoş xatirəni, səmimi ürək sözlərini bizimlə paylaşan Mircavan Kazımov işlədiyi bütün vəzifələrdə insanlarla səmimi rəftarı, ədalətli davranışı ilə həmişə ictimaiyyətin hörmətini qazanmışdır. Onun Masallı rayon prokuroru kimi beş illik Konstitusiya müd­dətinin başa çatması ilə əlaqədar rayon ictimaiyyətinin iştirakı ilə RİH-də iclas keçirildi. Qədirbilən masallılar prokurorun beşillik fəaliyyətini yüksək dəyərləndirib, hamılıqla ona yaxşı yol arzuladılar.

Haşiyə: Təvəzörkarlıqdan uzaq olsa da, özümlə əlaqədar bir hadisəni də nəql etmək istəyirəm. 1997-ci ilin aprel ayında 5 illik Kons­titusiya müddətimin başa çatması ilə əlaqədar Zaqatala rayon prokuroru vəzifəsindən azad edilib, Goranboy rayon pro­ku­roru vəzifəsinə təyin olundum. Həmin ilin oktyabr ayında Zaqa­tala rayon prokurorluğunun müstəntiqi Fərrux Babayev məni öz to­yuna dəvət etdi. Toya dörd nəfər yaxınımla birlikdə getdim. Düzü, yolboyu həyəcan keçirirdim. Prokuror vəzifəsi digərlərindən cox fərqlidir. Axı, beş ildə yüzlərlə adamın həbsini və axtarışını sanksiyalaşdırmışdım! Saat 20 radələrində Zaqatalaya çatdıq. Mən şadlıq sarayına daxil olan kimi musiqi səsi kəsildi. Aparıcı gəldiyimi elan etdi. Hansı masanın yanından keçirdimsə, hamı ayağa qalxıb, mənimlə görüşüb öpüşürdü. Bizim üçün ayrılmış masaya 15 dəqiqəyə çata bildim. Göstərilən münasibətin həyəcanından məni tər basmışdı. Buna baxmayaraq, həmin anları həyatımın ən xoşbəxt günlərindən hesab edirəm.

Əziz oxucular, budur, İlyas İsmayılovun ədalət məktəbinin nəti­cəsi! O böyük insan, ziyalı, hüquq-mühafizə orqanlarının işıqlı adamı, ədalət carçısı İ.İsmayılov barədə söylənilən xoş xatirələr, işıqlı arzular, sağlığında qazanılan rəhmətlər bitib-tükənmir.

Peşə yollarındakı işıqda, nurda, uğurda İsmayılovun əməyinin bö­yük olduğunu qürurla danışanlardan biri də bir neçə rayonda pro­kuror vəzifəsində işləmiş, hazırda təqaüddə olan baş ədliyyə mü­şaviri Afər Nəsirovdur.

İlyas İsmayılovla bağlı xoş xatirələrini Afər müəllimin özündən eşidək:

“İlyas müəllim mənim üçün  böyük şəxsiyyət, əsil ədalət və kişilik nümunəsidir. Mən Qax rayonunun ucqar dağ - Saribaş kən­din­də kasib bir ailədə anadan olmusam. Həqiqi hərbi xidməti başa vurduqdan  sonra  1979-cu ildə ADU-nun hüquq fakültəsinin ax­şam şöbəsinə  daxil oldum. 1985-ci ildə Dovlət İmtahan Komissiyasının sədri həmin ilin Yanvar ayında Respublika prokuroru vəzifəsinə təyin edilmiş İ.İsmajilov idi. O, Komissiyaya çox ədalətli rəhbərlik edirdi və mənim cavablarımdan xoşu gəlmişdi. İmtahan biletindəki sualları cavablandırdıqdan sonra harada işləməyimi soruşdu. Fəhlə işlədiyimi biləndə dəftərinə nə isə qeyd etdi. Bir neçə aydan sonra Respublika Prokurorluğundan gələn məktubla 212-ci kabinetə dəvət olundum. Kadrlar idarəsinin rəisi Fərrux Vəkilov mənimlə 40-45 dəqiqə söhbət etdikdən sonra Respublika prokurorunun müavini Mirağa Cəfərquliyevin yanına apardı. Mira­ğa müəllim də təxminən yarım saat söhbət etdikdən sonra məni prokurorluq orqanlarına işə qəbul etmək istədiklərini, lakin təklif edilən rayon və vəzifəylə razılaşmalı olduğumu bildirdi.

Biz birlikdə Respublika prokuroru İlyas İsmayılovun qəbuluna getdik. İlyas müəllim yaraşıqlı ağ kostyumda möhtəşəm gö­rü­nür­dü. O, məni görən kimi imtahan anlarını yada salıb, ailə vəziyyətimlə maraqlandı və soruşdu:

– Harda vakant yerimiz var?

Mirağa müəlim dedi:

– Naxçıvan və Kürdəmirdə boş yerimiz var.

İlyas müəllim bir qədər fikirləşib dedi:

– Zaqatala Rayon Prokurorluğuna stajyor-müstəntiq vəzifəsinə təyin edilməsi barədə əmr hazırlayın ki, ailəsinə yaxın olsun.

13 iyun 1985-ci ildə İlyas müəllimin əmri ilə Zaqatala Rayon Pro­kurorluğuna stajyor-müstəntiq vəzifəsinə təyin edildim.

Həyəcandan sifətim ağarmışdı. İlyas müəllim soruşdu ki, xəstə deyilsən ki? Mən cavabında:

- Həyatımın ən xoş gününü yaşayıram, İlyas Abasoviç, - dedim.

İlyas müəllim Fərrux Vəkilova müraciətlə dedi:

– Fərrux Gərayeviç, bir taksi çağır, Nəsirovu Zaqatalaya yola sal.

Beləliklə, taksi maşını ilə Zaqatala rayonuna gəlib işimə baş­la­dım. 

Mən həmişə özümü İlyas İsmayılovun kadrı hesab etmişəm. Xa­tirimdədir, əmri imzalayandan sonra İlyas müəllim məndən soruşdu:

– Prokurorluqda işləyəcəyini ağlına gətirirdinmi?

Cavabında:

- İlyas Abasoviç, əvvəllər inanmırdım, lakin Sizin dövlət imtahanında ədalətli mövqeyinizi görəndən ümidim yaranmışdı, - dedim.

 O, xəfifcə gülümsəyib mənə müvəffəqiyyətlər arzuladı. Beləlik­lə, mən 10 il Zaqatala Rayon Prokurorluğunda müstəntiq və üç ra­yonda  prokuror vəzifəsində işlədim. İlyas müəllimin öyüd və nəsihətlərini heç vaxt unutmadım, Onun kadrı olmağımla fəxr etdim.”

Əliyev Əli Cəmil oğlu atasız böyümüşdü. Beş il yataqxana hə­ya­tı yaşayan Əli Əliyev təyinatla Tovuz Rayon Prokurorluğunda müstəntiq işləyirdi. Xarakteri və insansevərliyi ilə tezliklə Tovuz camaatının hüsn-rəğbətini qazanmışdı. Hətta tovuzlular  onu “İn­san Əli” ayaması ilə tanıtmışdılar.

Əslən tovuzlu olan İlyas müəllim onun iş və mənəvi keyfiyyətləri barədə yerli əhalidən eşidir  və özünün  xəbəri olmadan Tovuz rayon prokurorunun müavini vəzifəsinə təyin etdirir. Bir müddətdən sonra İlyas müəllim Respublika Prokuroru olarkən Əlini Şamxor (indiki Şəmkir) rayon prokurorunun Konstitusiya müddətini yoxlayan komissiyanın tərkibinə daxil edir. Bir neçə aydan sonra Əli Əliyev Şamxor rayon prokuroru vəzifəsinə təyin edilir.

İlyas müəllimin tələbə yoldaşı Mansur İbayevin dediklərindən:

“Qubadlı rayon prokurorluğunun müstəntiqi Arif Həsənovun CM-nin 88-1 maddəsi ilə (xüsusilə külli miqdarda talama) istintaqını apardığı çoxepizodlu, mürəkkəb cinayət işinin məhkəmə baxışında müstəntiqin peşəkarlığı və insani keyfiyyətləri diqqətimi cəlb etmişdi. İşi yekunlaşdırıb Bakıya qayıdan kimi Res­publika prokurorunun müavini İlyas İsmayılova zəng edərək dedim:

– İlyas, kadr çatışmazlığından gileylənirsiniz. Arif Həsənov kimi müstəntiq ucqar rayonda qalıb passivləşə bilər.

Danışığımızda O, konkret söz demədi. Bir ildən sonra Respubli­ka prokuroru olan kimi mənə telefon açaraq müstəntiqin ad və soyadını soruşdu. Tezliklə Arif Həsənov rayonların birinə pro­ku­ro­run müavini və bir müddətdən sonra İmişli rayon prokuroru vəzi­fəsinə təyin edildi”.

 

...İlyas müəllim bütün ciddiyyəti ilə bərabər, digər sahələrdə olduğu kimi, kadr məsələlərində də  qanunlara və qaydalara əməl etmək nümunəsi göstərirdi. Bir misal çəkəcəyəm, hər il yanımda staj­yor olurdu. Stajyorluq müddəti qurtardıqdan sonra prokuror xasiyyətnamə yazır və hansı işə yararlı olduğunu göstərirdi. Mən stajyorları bütün sahələrdə çalışdırır və xasiyyətnamə yazarkən prokuror köməkçisi vəzifəsinə tövsiyə edirdim (Mircavan Kazımov, Fəxrəddin Qəhrəmanov, Şakir Səmədov və s.).

1989-cu ildə Əhməd Abdullayevin stajyorluq müddəti başa çatdı. Onu da prokuror köməkçisi vəzifəsinə tövsiyə etdim. Kadrlar İdarəsinin prokuroru telefonla zəng edərək bildirdi ki, Əhməd Abdullayevi müstəntiq vəsifəsinə təyin etmək istəyirik. Mən etira­zımı bildirdim. Səhərisi günü bu məsələ ilə əlaqədar  Kadrlar İdarəsinin rəisi zəng etdi. Mən yenə etirazımı bildirdim. Ax­şam­üstü Respublika Prokurorunun müavini Mirağa Cəfərquliyev mənə telefon açdı və dedi ki, biz İlyas müəllimlə qərara gəlmişik ki, Əhməd Abdullayevi müstəntiq vəzifəsinə təyin edək. Sən nə üçün etiraz edirsən?

Dedim:

- Mirağa müəllim, mən onu prokuror köməkçisi kimi yetiş­dir­mi­şəm. Onun müstəntiq təyin olunmasını məsləhət bilmirəm.

Mirağa müəllim bir az əsəbi formada:

- Hamımız ağızdolusu Qarabağ-Qarabağ deyirik. Biz Əhməd Abdullayevi Şuşa Rayon Prokurorluğuna müstəntiq təyin etmək istəyirik. Yalnız bundan sonra razılığımı bildirdim və Əhməd Ab­dul­layev həmin gün Şuşa Rayon Prokurorluğunun müstəntiqi vəzi­fəsinə təyin edildi.

Təyinat məsələsi Respublika prokurorunun müstəsna sə­la­hiy­yə­­tinə aid olsa da, İlyas müəllim qəbul edilmiş qaydalardan kəna­ra çıxmırdı.