Saqif Qaratorpaq : - Necə qaçım,bilmirəm,

 

Ədəbiyyat 14:10 / 21.07.2025 Baxış sayı: 1407

Necə qaçım,bilmirəm,

Bu boşluğun içindən.

Nə qaldı əllərimdə

Ötən günün köçündən?

 

Boşunamı xərclədim,

Qismətə düşən vaxtı?

Çəkilib tənhalığa

Qınadım yenə baxtı.

 

İçimdəki ağrını

Bir nəğməylə ovutdum.

Dalıb bir xatirəyə

Öz-özümü unutdum...

 

Gecə bircə qədəhmiş,

Çəkdim başıma,bitdi...

Ilin,günün,saatın

Hesabı birdən itdi.

 

Danışdı şəkildəki

Çoxdan susan o uşaq.

Gül açdı öz əlimlə

Sinəmə çəkdiyim dağ...