Ayaz Arabaçı : - Sözdən başqa heç nəyin hökmranlığını qəbul etmədim və etmirəm.

Sözsüz ki,mən nə vaxtsa arzularımın cəhənnəmindən çıxacağam.
Hər cür acılar və məhrumiyyətlər yaşasam da bu vətəni sevmək üçün doğulmuşam, bu sevgini isə əlimdən almağa heç kəs qadir deyil.
Çoxlu var-dövlət qazanmaq,həyatımı qızıla qərq etmək kimi bir niyyətim olmadı heç vaxt.Mənəviyyatımla,şeirlərimlə,vüqarım və dürüstlüyümlə zənginləşdirməyə çalışdım həm ömrümü,həm Azərbaycanımı.
Hər bir hərfin başını sığalladım,üzündən-gözündən öpdüm ki,yığışıb sözlərin ən gözəlini mənə gətirsinlər.
Amma bu vətən bir kərə də olsun o sevgini,o istiqanlığı,o səmimiyyəti nə mənə,nə də tanıdığım ləyaqətli oğullarına göstərmədi.
Düşünmədi ki,biz onun ömründə bir dəfəyik.
(Ruhsuzlar,qəsbkarlar,yağmalayanlar vətən sevgisinin nə olduğunu hardan bilsinlər..)
Mən içimdəki məchul çırpıntıları işığa,dünyaya bu vətən naminə çıxartdım.Bu vətənə-bu torpağa bir başqa ecazkar bağlantım var..
Qəlbimdə qocaman dağlarla qocaman dalğalar ürək-ürəyədi.
Xoşbəxtəm ki bu gün bu torpağa olan nifrətlərin gur axarında mənim sevgimin gücü daha aydın görünür.Konfliktlər içində çabalayan ölkəm bir gün hökmən azad nəfəs almaq haqqına qovuşacaq..Vətənimin başı üstündə doğan günəş bir az da suyunu mənim ürəyimdən içir.
Min dərd varsa minbir də dərman var..
Sözdən başqa heç nəyin hökmranlığını qəbul etmədim və etmirəm.