Vasif Süleyman : - BALACA ADAŞIMA

Ədəbiyyat 09:23 / 22.07.2025 Baxış sayı: 1374

 

Tələsmə, hər şeyi düz anlamağa,

Tələsmə, dünyanı tez anlamağa.

Başlasa, başını dərdə salacaq,

Ürək anlamağa, göz anlamağa -

Get adaş, get oyna, qurbanın olum!

 

Bilməyib kədərə gülmək, bir aləm,

Dünyadan-dünyaya gəlmək, bir aləm.

Sonra heç birindən keçmək olmayır,

Yaşamaq bir aləm, ölmək bir aləm -

Get adaş, get oyna, qurbanın olum!

 

Özünü bir dünya daddan qoyarsan,

Qohumdan, yoldaşdan, yaddan qoyarsan.

Kənddə toy çalınır, get, quzu kəsim,

Əlinə xınadan-zaddan qoyarsan -

Get adaş, get oyna, qurbanın olum!

 

Üzümdən dünyanın təlaşı getməz,

Dərdnən çilik-ağac yanaşı getməz.

Vasifin başında başqa havadı,

Heç onnan bir yerdə qardaşı getməz -

Get adaş, get oyna, qurbanın olum!