Gülnar Ümid : - Qırılmış badədən içdim şərabı,
jpg-1753091765.jpg)
Qırılmış badədən içdim şərabı,
Doymadı, doymadı çat-çat dodağım.
İndi də yadlara gülümsəyirsən,
utandın? - utanma, soyun, yanağım!
Yalandan nə deyim, unutmaq olmur,
Gözümdən düşənlər gözümə dəymir.
Dilim də özümə qənim kəsilib,
Xətrinə dəyirəm, sözümə dəymir.
Sevgimiz bicliyi təzə öyrənib,
Aldadıb çəkirəm, oyuna gəlmir.
Neyləsin ürəyim, dərdi boydadı,
Ölçürəm, sevgimin boyuna gəlmir.
Bu gün dünənlərə cavab tapmır ki,
Baxıb suallara gözünü döyür.
Nə olsun, gözümdən düşən adamlar
özgə ürəyində özünü öyür...