Tural Cəfərli : - Bu kino ki var...

YAZARLAR 21:10 / 20.07.2025 Baxış sayı: 1418

Bu kino ki var...

Azərbaycan teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayev yaddaşımızda daha çox "Ad günü", "Alma almaya bənzər", "Babamızın babasının babası", "Bağ mövsümü", "Bəyin oğurlanması" kimi filmlərdə oynadığı rollarla qalıb.

Teatrda ilk rolu Uilyam Şekspirin “Hamlet” tamaşasında Horatsio olub. Gürcüstanın o vaxtkı dövlət başçısı Şevardnadze Səməndər Rzayevi çox sevərmiş, aktyor bir dəfə Tiflisdə qastrolda olarkən Şevardnadze əlini onun kürəyinə vuraraq "sən böyük aktyorsan" demişdi.

Aktyorun ömrü qısa olub. 41 yaşında dünyasını dəyişib.

Xalq artisti Səfurə İbrahimova Səməndər öz müsahibələrinin birində Səməndər haqqında belə deyir: "Səməndər əla aktyor, əvəzolunmaz insan və fitri istedad sahibi idi. Çox yumşaq, həlim oğlanıydı. Rasim Balayevə xalq artisti adı verdilər, ona yox. Səməndər fikirdən o günə düşdü. Bir gün işdən çıxıb evə gedəndə gördüm fikirli-fikirli teatrın həyətində başını tutub gəzir. Yaxınlaşıb çağırdım. O qədər fikirli idi ki, məni eşitmədi. Bir xeyli onu danladım, dedim, sən böyük aktyorsan, insanlar səni sevir, dərdin olanda da üzə vurma, içində çək. Mənə dedi ki, axı bu elə işdir ki, mənə toxunur. Rasim gözəl aktyordur, amma onu teatra mən gətirmişəm, lazım gələndə onunla mən məşq eləmişəm. Bəs niyə ona məndən qabaq ad verilir, amma mənə yox. Ona təskinlik verdim, özümü misal çəkdim. Çünki mənim adımı da on il əvvəldən xalq artistliyinə versələr də, hər il siyahıdan silirdilər."

Qızı Rübabə müsahibələrinin birində atasının son günlərini və vəfatını belə xatırlayır: Atam xəstəxanada dünyasını dəyişdi. Qohumlarımız bizdə qalırdılar. Artıq hamı bilirdi ki, vəziyyəti pisdir. Yadıma gəlir ki, babam gəldi. Bizə dedi ki, sizi atanızın yanına aparacam. Bizi aldatmışdı. Binamızın qarşısında rəhmətlik Mikayıl Mirzəni gördük. O, babama başsağlığı verəndə biz bildik ki, atamız rəhmətə gedib. Təbii ki, şok yaşadıq. Sözün məcazi mənasında həmin an mənə elə gəldi ki, atamı sanki Mikayıl Mirzə öldürüb. Sonra evə qalxanda artıq atamın cənazəsini gördüm. Xahiş etdim ki, üzünü açsınlar, baxım. Amma icazə vermədilər. İndi düşünürəm ki, yaxşı ki, qoymayıblar. Çünki atam mənim yaddaşımda həmişə cavan, sağlam və xoşbəxt adam kimi qaldı.”