Adilə Nəzər : - Yel danışar sussa küllər...

Ədəbiyyat 16:49 / 21.07.2025 Baxış sayı: 1503

Yel danışar sussa küllər...

Günü döndərmə axşama.

Göz yaşıyla açan güllər,

Könül oxşamaz, oxşamaz.

 

Qor kimi çıx kül altından,

Sönmüş kimi görünsəndə.

Qılınc kimi sıyrıl qından,

Şimşək kimi görün sən də.

 

Bax həyatın aynasına,

Gör ki, nə hikmətlər səpər.

Bağban Allahı tanısa

Bağlar heç istərmi çəpər?!

 

Hər kəs gələr, hər kəs gedər,

Ən çox qalan xatirədir.

Unudulmayan nə varsa,

Hörmətədir, xətirədir.

 

Sev ki, xatirən yaşasın,

Adın çəkilsin bir dildə,

Daraqsız qalsın yaş saçın –

Xatırlan bir gündəlikdə.

 

Adilə, ağlamaq əbəs,

Boşuna getməsin nəfəs,

Eşq var – sevgidən müqəddəs,

Sevgidə öl, eşqdə doğul.

21.07.2025