Adilə Nəzər: - VAR

Hər gecənin bir sabahı,
Hər dərdin bir dərmanı var.
Yerdə qalmaz qadın ahı,
Göylərin də fərmanı var.
Haqsız işin ömrü qısa,
Haqq ilə ol, getmə boşa,
Dostun olar sonda əsa,
Zülmün də öz əfqanı var.
Hər səhv dərddir, hər yara gül,
Açarıdır kəşfin müşkül,
Görə bilsən zərrədə küll...
Küllin də bir Rəhmanı var.
Həyat dəniz, ümid gəmi,
Səbr elə, adlat bu qəmi.
Adilə, açılar, yəni,
Hər gülün çağ-əlvanı var.
21.07.2025