Ayaz Arabaçı - Küləklərə qoşulub...

Küləklərə qoşulub hara gəldi gedəsən,
Qaçasan bu şəhərin cəhənnəm istisindən.
Nə ki,ümidlərin var tikə-tikə edəsən,
Çıxasan boğulduğun arzuların hisindən.
Gedəsən e,lap elə ayağın tutan qədər,
Hər daşı,hər ağacı balan kimi qucasan.
Geridə nə qalırsa qoyub tamam dərbədər,
Durnalara qoşulub uçduqca hey uçasan..
İmtina eləyəsən səni minən bir addan,
Dönməyəsən dalınca göynəyən haraylara.
Qəfil unudulasan,qəfil çıxasan yaddan,
Qarışasan br ömür axıb-gedən çaylara..
Qaşa dönə bir ulduz ürəyinin tacında,
Amma nə əlin yetə,nə bir yol görüşəsən.
Çiçəkləyib açasan bir alma ağacında,
Atasız uşaqların nağılına düşəsən.
Əskilməyə üzündən işıq,məhəbbət,gülüş,
Çiçəklərin şehində çimən arı olasan.
Dəryadan bir at çıxa ağappaq,nalı gümüş,
Bir qızın qaymaq tutan yuxuları olasan..
Gedəsən göy üzütək dolub-dolub gedəsən..
Çıxıb getmək yaxşıdı,baxa-baxa qalınca..
Lap bir əlçim,bir ovuc duman olub gedəsən,
Elə hey üzüb gedən gəmilərin dalınca.
Kimsəsiz bir ananın döyəsən qapısını,
Aparasan adına ən qiymətli bir ənam.
Hönkürəsən o ki,var sinəsinə qısılıb,
Deyəsən ki,mən sənin çoxdan ölmüş oğlunam.
Qurumuş əlləriylə silib göz yaşlarını,
Çəliyinə dirənib ağı deyə bir ağız.
Gəzdirəsən üzündə isti baxışlarını,
Deyəsən ki,yalandı aldığın qara kağız..
Ot basmış həyətini,bağını-bağçasını,
Bir saatın içində səliqəyə salasan.
Töküşdürə durmadan toz basmış taxçasını,
Dizlərinə söykənib sübhə kimi qalasan.
Gəzə titrək əlləri qarışqatək üzündə,
Elə bilə yuxudu,elə bilə əcəldi..
Batırasan dünyanı içindəki hüzündə,
Qoşulub küləklərə gedəsən hara gəldi...