Arzu Hüseyn : - Sən dünəndə...

Sən dünəndə bir xatirə, işıltı,
Kimlər oldu məndən sonra qismətin?
Danışanda ürəyimdə sızıltı,
Darıxanda həsrətimsən, həsrətim.
Kimsə bilməz bu ağrını, sızını,
Gizlədərəm gülüşümdə dərdimi.
Gümanların qərarından razımı?
Qurbanların nəticəsin verdimi?
Leysan yudu, sel apardı illəri,
Mən bu yaşa hansı ara dolmuşam?
Ah, nə vaxtsa doğma idi əllərin,
Ah, nə vaxtsa sevdiyin mən olmuşam…
Sən dünəndə bir xatirə, işıltı,
Zaman bizi, biz zamanı uduzduq.
Elə bilmə ümüdlərim yaşıldır,
Elə həmin üzü dönük payızdır.