Arzu Əsəd : - Təki düşüncədə səfərbər ola bilək.

Azərbaycan ictimai-siyasi şüuru müharibə qorxusunu, müharibə xofunu yenib. Çünki artıq müstəqilliyin və suverenliyin dadını bilir. Bu xalq artıq müharibənin bir ölüm, qan-qırğın, dağıntı səbəbi ilə bərabər, həm də yenilik, dəyişiklik yaradan bir vasitə olduğunu da öz yaxın tarixində tətbiq edərək bilir. Əlbəttə, müharibələrə yox deyilməlidir. Amma hər cür müharibəyə yox. Xüsusilə müstəmləkə ölkələrində daim antimüharibə, pasifizm təbliğatı aparılb, şüurlarda köləliyə, işğala, zülmə bəraət qazandırılması üçün axtalanmış bir "barış" obrazını şişirtmişlər.
Yadınızdadırsa, 44 günlük vətən savaşında sosial şəbəkələrdə içimizdən qərbin müəyyən çevrələrinin guya barış, amma əslində təslimçiliyə, mübarizə əzminin qırılmasına yönəlik qrant və mükafatlarını almaq üçün nə qədər ictimai fəal, şair və yazıçı müharibə əleyhinə, qan tökülməsi əleyhinə düşmən dəyirmanına su, əslində, qan tökən bəyanatlarla çıxış edirdilər. Ədəbi istedadı olan, lakin fəlsəfi-siyasi şüuru çox zəif olan bir görkəmli yazıçımız da məhz o "barış", əslində isə təslimçilik mükafatlarına şirnikərək özünü tarixin daş yuxularına gömdü...
Müharibə istəyib-istəməməklə olmur. Heç kim ölmək istəmir, elə əbədi gənc və gözəl qalmaq istəyir. Amma fərdin həyatında qocalıq da, ölüm də labüddür. Eləcə də, cəmiyyətin həyatında da müharibə labüddür. "Mən müharibə istəmirəm" demək, müharibəyə lənət oxumaq sadəcə ya bir sadəlövhlüyün və ya çox primitiv bir riyakarlığın ifadəsidir. Bir şey ki, sən istəsən də, istəməsən də baş verəcək, gecə-gündüz ona lənət yağdırmağın heç bir mənası yoxdur. Sadəcə təfəkkürdə onu qəbul edib ona hazır omaq lazımdır. Qorxuya qarşı ən yaxşı dərman qorxunun özünə doğru getməkdir deyiblər.
Rusiya və Ukrayna arasında illərdir müasir dövrün ən ağır və dəhşətli müharibələrindən birinin getməsinə baxmayaraq Rusiya cəmiyyətində bunun müharibə adlandırılması böyük bir riyakarlıqla qadağan edilib, "xüsusi təyinatlı əməliyyat" adlandırılıb. Müharibə dərinləşdikcə bu anlayış manipulyasiyasının ölkə insanlarının hərbi-psixoloji hazırlığına, səfərbərliyinə hansı zərərləri vurduğu göz qabağındadır. Azərbaycan xalqı müharibə istəmir, ancaq müharibəyə hazır olmalıdır. Əlbəttə, ərazimizin sərhədlərini Azərbaycan əsgəri göz bəbəyi kimi qoruyur.
Mənəviyyatımızın, psixologiyamızın sərhədləri isə həm də hiss və fikirlərimizi bölüşdüyümüz bu sosial şəbəkələrdə qorunur. Biz bir düşüncə amili olaraq qonşuluğumuzda baş verən bu müharibəni bütün baxış bucaqlarından müşahidə və təhlil etməli, ondan güneydə yaşayan millətimizin on milyonlarala nümayəndəsinin təfəkküründə yeni keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq tarix yaradıcılığı vasitəsi kimi istifadə etməliyik. Sosial şəbəkələrdə tarixi-milli dəyərimiz olan dinimizi İran molla rejiminin on illərlə ixrac etdiyi ideologiya ilə eyniləşdirmək istəyənlərə qarşı prinsipial mübarizə aparmalıyıq. İran molla rejiminin ölkəmizdə olan əbasız, əmmaməsiz, kostyumlu, qalstuklu təbliğatçılarının cavabı hökmən verilməlidir.
Əsrlərlə bu xalqın ən zərif duyğularından istifadə edib onu düşünmək əvəzinə ağlamağa, gələcəyini qurmaq əvəzinə keçmişə gömülməyə məcbur edən bu tayfanın hiylə və fəndləri çoxdur. Onlara qarşı düşüncə müharibəsi aparanlar din məsələsinə, məzhəb məsələsinə ehtiyatla yanaşmalıdırlar. Hansı məzhəb olursa olsun, dinimizin müqəddəslərinin adını tutmamalı, onları ironiya, lağlağı obyektinə çevirməməliyik... Müharibə bir ictimai-siyasi hadisə kimi nə qədər dağıdıcı olsa da, bir tarixi-idraki fenomen kimi yaradıcı səciyyə də daşıyır.
Biz yalnız bu müharibəyə necə bulaşmamağımızı, özümüzün və güneydəki türklərin necə sağ qala bilmələrini deyil, bu müharibənin gedişindən və nəticələrindən asılı olaraq tarix yaradıcılığında nələrə nail ola biləcəyimizi düşünməli, planlaşdırmalı, hazır olmalıyıq. Böhranlar və müharibələr həm də böyük tarixi imkanlardır. Yaxın tariximiz də göstərdi ki, bizim bu gün bir çox imkanları gerçəkliyə çevirə bilmək potensialımız var. Təki düşüncədə səfərbər ola bilək.