Aləmzər Sadiqqızı : - Əgər fərman ölümsə.

Ədəbiyyat 12:50 / 26.06.2025 Baxış sayı: 2008

 

Tanrım bir müşkülüm var...

Bax uzaqdan gülümsə.

Bu ömrü təzədən yaz...

Əgər fərman ölümsə.

Bəlkə səni yoruram...

Haqqını halal eylə.

Bir qüsurum var əgər,

Gizlətmə, aşkar söylə.

Mən səndən qorxmuram ki...

Sənə aşiq bəndəyəm!

Bir az çox danışıram,

Səhər, axşam sənləyəm!

Sənə ehtiayacım var...

Su kimi, nəfəs kimi.

Verdiyin dərdlər sıxır,

Könlümü qəfəs kimi.

Ən gözəl dostum sənsən!

Könüllə görüşdüyüm

Gündüz , gecə, anbaan

Sirrimi bölüşdüyüm...

İndi kimsə bilməz ki,

Dərdim nədi, sərim nə...

Al qələmi təzdən yaz,

Gözəl günlər bəxtimə.

Tanrım , bir müşkülüm var,

Bax üzümə gülümsə,

Yalvarıram kömək ol!

Əgər fərman ölümsə!