Ağamir  Cavad : - Səs

Ədəbiyyat 11:45 / 26.06.2025 Baxış sayı: 1582

 

Çınqı düşmüş haqq odundan, od salıb dünyaya səs.

Səs verir göylər mənim könlümdəki sevdaya səs.

Aşmış öz məcrasını seltək daşır ümman könül,

Şahə qalxıb dalğatək eşqim salıb dəryayə səs.

Milyon ildir yol gəlir, yar səslər öz dildarını,

Sanki cənnət içrə Adəm göndərir Həvvayə səs.

Haqq-ədalət sevdasıyla nəğmə-nəğmə söz hörüb,

Od çəkib söz sərvətindən toplayıb sərmayə səs.

Baş vurub meraca könlüm, bilmək istər sirrini,

Dərs alıb eşq ayəsindən vermişəm Mövlayə səs

Nuş edib vəhdət şərabın yol gedən bir aşiqəm,

Sadiqəm, verməz sevən qəlbim kənar qovqaya səs.

Eşqə dastan bağlamış aşiq Ağamir eşq ilə,

Leyli sevdasıyla salmış Qeystək səhrayə səs.