Akif İmanlı :-  AX, FƏTTAH, AX...!

YAZARLAR 18:22 / 27.06.2025 Baxış sayı: 1380

         

                                                     (Yumoristik hekayə)                

Gözəl teleaparıcı, hamının sevimlisi Fatehe  eşq olsun!

  • Sizi “Milyonçu Şou”da xoş gördük, - dedi və Fəttah bəy əl verib mənimlə görüşdü.

 Fəttah bəy çox adamı çaşdırıb, aşağı məbləğlə yola saldığını xatırladım. Fikirləşdim ki, bəlkə mən də bəri başdan onun zehnini qarışdırım, fikrini yayındırım. Onun çaşqınlıq vəziyyətindən istifadə edib, olsun ki, bir şey əldə edəm. Odur ki, cavabı gecikdirmədən, qəsdən.

–  Sizi də xoş gördük, Valeh bəy, – dedim.

  • Boy, Valeh kimdir, a kişi? Sən mənim adımı da bilmirsən ki?
  • Niyə bilmirəm. qoy bir az fikirləşim... hə, tapdım, Fəttah bəy.
  • Paho! İndi də oldun Fəttah?
  • İndi dəqiq yadıma düşdü. Fətəli dedim, - dedim, sonra guya öz səhfimi düzəltdim, - Fətəli yox ey Saleh.

Fəttah bəyin alt dodağının səyriməsindən, rənginin bir az qaralmasından, alın qırışlarının artmasından, qaşlarının çatılmasından əsəbləşdiyi açıq-aşkar hiss olunmağa başladı. Düşündüm ki, bir az da əsəbiləşdirsəm axırı pis ola bilər.  Bir növ, səfeh, arsız adamlar kimi gic-gic gülümsəyib  gərginliyi aradan qaldırmaqla yanaşı:

  • Sizi də xoş gördük hörmətli Fəttah bəy, - deyib əl uzadıb səmimi görüşdüm.

Bu xoş qılıqdın Fəttah byin kefi duruldu. Hər halda mənə elə gəldi. Düşündüm ki, oyuna başlamağa tələsməyim. Fəttah bəylə bir az söhbət edim.

  • Fəttah bəy!

Əlüstü cavab verdi:

  • Bəli!
  • Doğrudanmı kiminsə yüz min manat udmasını səmimi qəlbdən istəyirsiniz?
  •   Əlbəttə. Kimin biliyi, dərin məlumatı, geniş dünyagörüşü varsa buyursun, sualara dəqiq cavab versin, yüz mini aparsın. Anketinizdə yazıldığına görə az­danı­şan adamsınız, konkretliyi sevirsiniz.
  • Bir söz soruşa bilərəmmi?
  • Əslində olmaz, burada hər sözü biz deyirik, biz soruşuruq, sualları biz veri­rik, sizə isə yalnız cavab vermək qalır. Yaxşı, hər halda de görək nə soruşmaq istəyirsən?
  • Mən yüz mini uda bilərəm, bir şərtlə...

Fəttah bəyin simasında həm təəccüb, həm də sonsuz marağın yarandığını sezdim:

– Əvvəla, burada heç bir şərt, mərt keçmir. Şərt də bizə aiddir, mərt də. Yaxşı, maraq üçün de görüm şərtin nədir?

  • Deyirəm, sualı verib, susasınız, heç bir uzun-uzadı izah-filan olmasın. Yəni konkret...
  •   Niyə bu lal oyunudur? Şərtin qəbul olunmur.

Bunları ərz eyləyəndən sonra Fəttah bəy özünü toparladı, çiyinlərini yırğaladı, çatılmış qaşlarını zirvədən yamaca endirdi, gözlərində şam yandırıb işıqlandırdı, kiplənmiş dodaqlarında çay içməyə başlayırmış kimi aralanma, həm də xəfif bir təbəssüm sezildi. Bu gülümsəmə altında:

  • Milyonçu şou sizin üçün başladı, - deyib şəhadət barmağını düz gözlərimə doğru tuşladı. Bu barmaq məsələsi heç xoşuma gəlmədi. Barmaq məsələsini müxtəlif şəkildə yazmaq olar “basıb gözünü çıxardaram”, nə bilim “iki gözünü bir deşikdən tökərəm əgər uda bilsən. Yəni hər yoldan keçən yüz mini udsa, mən burada nədən ötrüyəm” və s., və i.a.
  • On manat üçün ilk sual: O iti vurdum sinsidi, - deyəndə əlüstü cavabını verdim:
  • Elə bu itdə o itin cinsidir.
  • Beləcə, bir neçə belə yülgül sual-cavabdan sonra qayıtdı ki:
  •   Uzaq səfərdən gələnin nəyi olasan? a) daysı, b) əmisi, c) arvadı, d) bacısı. Əlbəttə, bizim dildə insanlara kim? sualı verilir. Digər canlı və cansızlara nə? sualı verilər. Nəsə, çox dərinə getmədim.

Yadıma düşdü ki, bu şouda hər iki tərəf uzun-uzadı danışır. Mən də başladım, nə başladım:

  • Əslində, Fəttah bəy, bu sual çox keçmişə aid olan bir sualdır. Keçmiş za­manlarda səfərə gedənlər karvansaralarda gecələyirdilər ki, orada arvada, filana rast gelmək mümkün deyildi. Ona görə də səfərdəki adam evi, arvadı üçün qərib­sə­yirdi. İndiki zamanda isə səfərə gedən heç də evə qayıtmağa tələsmir... hər yer arvaddır da.
  • Yaxşı, cavabınız?
  • c) arvadı. Son qərarım.
  • Düz buyurursunuz. Digər sual belədi: Hamamdan gələnin nəyi olasan? a) qızı, b) oğlu, c) əri, d) bibisi.
  • Yenə deyirəm. Bu sual da keçmişə aiddir. Arvadlar hamamlanıb evə dönəndə ərlərinə qəşəng görünürdülər və kişilər kiri, çirki töküb gözəlləşən arvad­larına bir daha aşiq olurdular. İndi vəziyyət başqadır. Hər evdə hamam var. İstəyirsən gündə üç dəfə çim. Kişi qırıqları bu məsələdə heç diqqətcil deyillər. Özləri qadınlardan da çox hamamlanırlar.  

Fəttah bəy bir az hövsələsizcəsinə:

  • Bəlkə cavab verəsiniz? – dedi.
  • c) əri.
  • Bu, son qərarınızdır? Cavab verməyə tələsmədiniz?
  • Xeyr cavab c) əri, son qərarım.
  • Düzdür, - deyə, Fəttah bəy sevincək bildirdi.
  • Növbəti sual belədir. Uzunqulağın belinə qoyulan nədir: a) yəhər, b) keçə, c) palan,  d) palaz.
  • Suala cavab verməzdən əvvəl, yadıma bir əhvalat düşdü. Padşahla vəziri paltarlarını dəyişib əyaləti gəzirlər. Gəlib bir kəndə çıxırlar. Padşah deyir, vəzir yoxlayaq görək rəiyyətin bizə itaəti nə yerdədir? Vəzir kəndin başbilənini çağırıb əmr edir ki, hamı yığılsın bu meydana, padşahın fərmanı var.

Hamı yığışanda vəzir elan edir:

– Padşahın fərmanı var. Sabah hamınız bu meydanda edam olunacaqsınız. Heç kim etiraz etmir. Camaatın içindən bir qoca əsasına söykənə-söykənə yaxınlaşır. Padşah fikirləşir ki, bu kişi yəqin etiraz edəcək.

–  Edam kəndirini biz gətirək, ya saraydan verəcəklər?

Padşah əmin olur ki, rəiyyət heç vaxt onun fərmanının əleyhinə ola bilməzlər.

Padşahla vəzir yolüstü bir karvansarayda gecələməli olurlar. Padşah: - vəzir bərk üşüyürəm. bax gör ətrafda nə var, üstümü ört- deyə vəzirə tapşırıq verir.

– Qibleyi aləm, bir dənə palan var. Başqa heç nə yoxdur.

  • Onda adını çəkmə bas belimə.
  • Cavab verməyin vaxtıdır, - deyə Fəttah bəy təmkinlə dedi.
  • Cavabım c) palan, son qərarım
  • Düzdür!

Oyun beləcə öz axarı ilə gedə-gedə mən öz-özümə fikirləşirdim ki, Fəttah bəyin aparıcısı olduğu bu şou həqiqətən çox qiymətli və olduqca əhəmiyyətlidir. Bu verilişi milyonlarla tamaşaçı izləyir, hər bir seyriçi o verilişdən çox məlumatlar əldə edir, çox şeylər öyrənir. Hətta, Fəttah bəyin 100 manat məbləğində qazanc əldə edə biləcəyinə yönəlmiş, həvəsləndirici sualına cəld cavab verməyə də tələsirlər.

Bizim televiziya kanallarında elə verilişlər olub ki, bir müddət tamaşaçı diqqətini, hətta rəğbətini qazanıb, lakin bir müddətdən sonra sönüb, gedib. İndi o verilişlərə heç baxan yoxdur. O verilişlərin adını bilərəkdən çəkmirəm, çünki hər aparıcı özünü dahi hesab edir və dahilərin də bostanına daş atmaq hər oğulun işi deyil.

Fikir məni götürüb. Fəttah bəyin bu milyonçu şousu da zəifləyə bilərmi? Allah eləməsin!

Bu veriliş nəyin bahasına olursa, olsun televiziyanın qızıl fonduna daxil olub qorunmalıdır. Qoy gələcək nəsillər görsünlər ki, bizim televiziyada necə gözəl verilişlər təşkil olunurmuş?

Az fikirləşdim, çox fikirləşdim, axırda bu qənaətə gəldim ki, bu verilişi qorumağın, bayaq dediyim kimi, televiziyanın qızıl fonduna daxil etməyin yeganə yolu aparıcını aradan götürməkdir. Ətim ürpəşdi. Bu nə ağılsız fikirdir? Yaxşı, deyək ki, mən bu ağlagəlməz fikirdə, mədəniyyətimiz, incəsənətimiz naminə isarlı olam, hansı yolla icra etməliyəm? Əlbəttə, boğmaqla. Tutaq ki,  mənfur fikrini icra etmək istədim, bacara bilərəmmi? Maşallah, Fəttah bəy ətli, canlıdır. Əllərimi qaldırıb barmaqlarıma rentgen işığında baxmaq sayağı tamaşa etdim. İraq canımdan, əl barmaqlarım lap sklet barmaqlarına bənzəyirdi, uzun, çubuq kimi barmaqlar. Yaxşı, bu mənfur fikrimi icra etsəm, mənim taleyim necə ola bilər. Tutub güllələ­məz­lər ki? Birdən yadıma düşdü ki, bizdə güllələmə yoxdur. Ömürlük həbs var. Kefim bir az duruldu. Olsun. İndiki həbsxanalar yəqin ki, müasir tələblərə cavab verir. Ora da kolxoz kimi bir yer ola bilər. Get axşama kimi işlə. Gəl. Yeməyi, yatmağa yeri  varsa bəsidir. Lənət sənə kor şeytan, bu nə pis fikirdir ağlıma gəlib? Bu həmin kor şeytandır ki, anasının sözünə baxmayanda, dəcəllik edəndə ana şeytan yerdən bir daş götürüb ona atır. Daş da tərs kimi onun bir gözünə dəyib. Gözünü çıxarır.  O vaxtdan onun adı qalıb kor şeytan. Kor şeytanın adını çəkər, çəkməz, o, qəlbimə necə girdisə, məni bəd əmələ necə təşviq etdisə, daha özümü saxlaya bilmədim. İki əlimin sklet barmaqlarını gözəl, sevimli aparıcımızın boğazına pərçimlədim. Dəhşətli bir bağırtı eşitdim. Lap Məşədi İbadın “Ay haray, qoymayın arvad qaçdı” qışqırığı kimi.

–  Ay haray, qoymayın ərim məni boğur.

Diksindim. Nə baş verdiyini anlayana qədər, arvad sıçrayıb çarpayıdan düşüb iti sürətlə qaçdı. Bir azdan telefonda

–  Ay qız, tez tez özünüzü yetirin, geciksəniz mənim meyidimin üstünə gələssiniz. Necə nə olub? O olub ki, dədəniz olan-qalan ağlını itirib, məni boğurdu. Güclə əlindən qurtarıb, bu biri otaqda gizlənmişəm.

Onun hökürtü ilə ağlamaq səsi qulağıma dəydi. İdman şalvarımı əynimə alıb, dedim gedim arvada təskinlik verim, ürəyi-zadı partlar, yaman günə qalaram. Mənim onun olduğu otağa daxil olmağımla arvadın ilan vuranın ala çatıdan qorxduğu kimi götürülməyi bir oldu. Öz-özümə güldüm. Dedim cəhənnəm ki, heç olmasa arvad ömründə bir dəfə də olsa məndən qorxdu.

Bir azdan tökülüşüb gəldilər. Çoxdan görüşməyən oğlanlarımız eyvana keçdilər. Qızlarımdan biri və böyük gəlinim arvada qoşulub, bir yumub beş tökdülər, doyunca ağladılar. Kiçik gəlinim isə çaşqınlıq içində ora-bura baxır, nə edəcəyini qərarlaşdıra bilmirdi. Bu arada nəvələrimiz toqquşdu. Mən gülümsədim. Gəlin buna bənd imiş, əvvəlcə pıqqıldadı, sonra şaqqanaq çəkib bərkdən güldü. Yaxşı ki, meydangirlik edən qızım dönüb ona tərs-tərs baxınca, gəlin cəld tərpənib iki əli ilə üzünü qapadı. Çiyinlərinin atılıb-düşməsi, barmaqları arasından daşdanıb gələn göz yaşı  suyu onun ürəkdən güldüyünü bəlli edirdi. Mənim isə vecimə deyildi. İndi mən gülürəm, gəlin gülür. Mən belə başa düşdüm ki, gəlin nəsə ortada bir zarafatın olduğunu zənn edirdi. Qərəz, biz doyunca güldüyümüz vaxtda meydangirlik edən qızım amiranə səslə:

–  Mama, səni bir dəqiqə də qoymaram bu dəlixanada qalasan. Dur yığış gedirik, - hökmünü verdi. Axtarıb bir çanta tapdı. Mamasının pal-paltarını yığdı, yığışdırdı. Qapıdan çıxanda, oğlanlar əl verib yüngülvari görüşdü, gecən xeyrə qalsın, dedilər. Xırda gəlin gülümsəyib, mənə əl etdi, yəni əlini yelləməklə mənə gecəniz xeyrə qalsın mesajını vermiş oldu. Mən də əlimi yelləməklə cavab verdim.

Evdə yaranan dərin bir sükut ürəyimi sıxdı. Mən belə sakitliyə heç vaxt öyrəşməmişəm axı.

Bu həngaməni mənim başıma Fəttah bəy açdı. Ax, Fəttah bəy, ax! Çalış bulvarda-zadda qarşıma çıxma. Görsəm, o dəqiqə itələyib salacam Xəzər dənizinə. Birdən o da mənim qolumdan yapışıb, özü ilə dənizə çəkdi. Mən dağ kəndində böyümüşəm. Kəndimizdə bulaq sularında çimmək adına cabalayıb çıxmışıq. Mən üzmək-filan bacarmıram. Odur ki, fikrimdən vaz keçdim.

Bəs, nə edim? Nə edəcəm? Televizoru açım. Televizoru açıb Fəttah bəyin “Kim milyonçu olmaq istəyir” şousuna baxmağı həsrət qarışıq bir intizarla gözlədim...           

                                                                               

                                                                                01 aprel 2025-ci il Bakı.