Məmməd İsmayil : - OLUR

Əvvəlin sonu var, sonun əvvəli,
Bəxtinə pay düşən bu həyat olur.
Yaxandan tutanda pisliyin əli,
Sənə diləklərin qol-qanad olur.
Keçdi boğazlarda qalan loxmalar,
Qaldı uzaqlarda sıxma-boğmalar.
Ehtiyac üzündən bizə doğmalar,
Ehtiyac üzündən bizdən yad olur.
Ürək arzularla küsdü, barışdı,
Gecəyə, gündüzə başı qarışdı.
Ömür təbiətlə gedən yarışdı,
Ha çalış, axırda insan mat olur.
Şəfəqlər önündə bulud qatıymış,
Səhər yox, günəşin bathabatıymış.
Gənclik təbiətin zarafatıymış,
İlahi, bir belə zarafat olur…
Haramdan halala yetişməz maya,
Mən bu ümiddəyəm, bu inamdayam.
Qəm yemə, kainat dönsə damlaya,
Axırda damla da kainat olur.