Ayaz  Arabaçı :- Bütün danışıqları boş verin..

Ədəbiyyat 09:59 / 26.06.2025 Baxış sayı: 2374

 

Son sözü Ordumuz deyəcək..

Qolumuzun qüvvəti, dizimizin dirənci,

Kişiliyə,qeyrətə, namusa məhvər ordu.

Ümidləri günəştək qar altından oyadan,

Bir qom bənövşə kimi təzə ordu, tər ordu..

 

Gördüm ilk savaşını barmağımı dişlədim..

Dalbadal qazandığın zəfərə vərdişlədim,

Səni öyməkdən ötrü hansı sözü işlədim,

Hansı sözü işlədim, igid ordu, ər ordu?..

 

Sənə qucaq açıb, get, Şuşa adlı pirimiz..

Sonuncu pəncəsini qolaylayır şirimiz..

Bir ananın döşündən əmmişik hər birimiz,

Bu gün bu torpaqdakı hamı, bir nəfər ordu.

 

Ürəyim gedən yerə həmişə tək getmişəm..

Nə səndən qırıq qalıb, nə sənə şəkk etmişəm,

Adını ürəyimin başına həkk etmişəm,

Sən bir qalib ordusan, sən bir müzəffər ordu.

 

Can qurban etməzmiyəm, hayqırtına-səsinə..

Səsimi duydurmusan dünyanın hər kəsinə,

Hamının gözü çıxıb heyrətdən kəlləsinə,

Misilsizdi çaldığın bu böyük zəfər, ordu..

 

Gör necə vüqarlısan zirvələrin qaşında,

Hər oğlu bir Babəkim, dəbilqəsi başında..

Tanrı özü dayaqdı sənə haqq savaşında,

Səni yenə bilərmi şeytan ordu, şər ordu.

 

Sənin belə hirsini, qeyzini gözləmirdim,

Dronların səmada feyzini gözləmirdim..

Açığı mən bu qədər tezini gözləmirdim..

Göstərdin necə olur yağıya məşhər, ordu..

 

Sən bu gün hər nəzmdə, sən bu gün hər nəsrdə,

Qalmaz daha bir arzum, qalmaz daha, kəsrdə..

Bir onu bilirəm ki, bu möhtəşəm əsrdə,

Sənə bənzəmək istər cəsarətdə hər ordu.