Adilə Nəzər : - Liman (Qağayılar)

Ədəbiyyat 11:15 / 25.06.2025 Baxış sayı: 2006

 

Bir gəmi yan alar limana,

Bir liman bürünər dumana..

Əlimi-qolumu sallayıb,

Düşərəm gümandan -gümana.

 

Dalğalar bayatı oxuyar.

Dalğalar həyatı oxuyar.

Qoşular bu səsə qağayılar..

Gələrəm istəsə qağayılar.

 

İsidər bir nəğmə könlümü…

Əllərim boşalar, ürəyim dolar,

Ağ saçlı ləpələr və gəmi…

Yadıma nələri, nələri salar…

 

Bu yollar bizi çox yubatdı,

Limandan-limana hey atdı.

Biz belə yalqız qalmazdıq,

Qağayı nəğməsi aldatdı.