Şakir Xanhüseynli :- VAQİF BAYATLININ  GÖYÜZÜNDƏ OTLAYAN ATLARI

Ədəbiyyat 19:00 / 27.06.2025 Baxış sayı: 4727

 

Vaqif Bayatlının

göyüzündə otlayan atlarına baxıb

yerüzündə hələ də piyada qalanları

düşünürəm...

göyüzü çəmənində xoşbəxtcəsinə,

ləzzətlə ot qırpan o atları,

o atları göyüzünə qaldıran qanadları

öz çiynində hiss edən

nə qədər adam var?

qanadlı atlar,

sizin göyüzündəki yuvanıza baxmaq,

o yuvalardakı körpə qulunların hələ

bərkiməmiş dırnaqlarından qopan

qığılcımları birnəfəsə başıma çəkməyi

necə istəyirəm, bir bilsəniz!

siz yüyənlənməyən,

insanın ən özgür xəyallarını yaşadan

məxluqlarsınız,

nə yaxşı ki, heç olmasa şeirlərdə,

nəğmələrdə varsınız!

suz həm də

bəlkə otladığınız bir otlaq yeri də

özünüzlə qaldırmısız göy aləminə, hə?

əlbəttə, yer alınıbsa sizin də əllərinizdən,

yox, ayaqlarınızdan,

onda göyə yol tapmaq çabanızı

dörd əllə alqışlayıram mən!

ulduzları imsiləyən burnunuz

heç vaxt otladığınız yerlərin qoxusunu sizə

unutdurmaz,

elə adamlar da var,

yıxılsalar da, özlərini yerə vurmaz,

əslində, onların yerdə sürünməyi

qürurlarını ayaq altına atmamaqdan qaynaqlanır,

köləsinə çevrilmək istəmirlər saxta ad-sanın,

ucuz şöhrətin,

həmişə başı dik olmağı tərcih edirlər

nə qədər olsa da çətin!

ey göy üzünü özünə məskən seçən əbədi xəyallar,

ilk dəfə ayaq basdığınız yeri- torpağı

unutmamağı,

bu haqqı əsla nəfsinizlə kirləndirməməyi

önərirəm sizə,

qurd düşməsin qəlbinizə,

diz çökmədən,

boyun bükmədən,

bir ələ su tökmədən

mənəvi şahlıq mərtəbəsində qalmağın

dadını çıxarın ömrünüz boyu,

auuu, auu!

göyüzü çəməniniz

Tanrının sizinçün sərdiyi ilahi süfrədi

həmişə açıq.

ruhumuzsunuz,

sizi aşağılara endirmək

ağlımızın ucundan belə keçməz,

biliniz artıq!..

İyun 2025